İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair memorandumun bir sıra bəndləri üzrə fikir ayrılıqları qalmaqdadır.

Bu barədə iranlı mənbəyə istinadən "Tasnim" agentliyi yazıb.

Mənbənin məlumatına görə, Tehran hesab edir ki, Vaşinqton bu yolla sənədin razılaşdırılmasını bloklayır.

"İran və ABŞ arasında mümkün qarşılıqlı anlaşma memorandumunun bir-iki bəndi üzrə fikir ayrılıqları qalmaqdadır və ABŞ tərəfindən yaradılan maneələrə görə məsələ hələ də öz həllini tapmayıb", - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, İran tərəfi pakistanlı vasitəçiləri məlumatlandırıb ki, əgər ABŞ tərəfindən bloklanma davam edərsə, sənədin yekun razılaşdırılması imkanı olmayacaq.

Hansı bəndlər üzrə fikir ayrılıqlarının qaldığı dəqiqləşdirilməyib. Agentliyin həmsöhbəti yalnız onu qeyd edib ki, Tehran İran xalqı üçün ədalət məsələsinə işarə edib.

Həmçinin mənbə iddia edib ki, Tehran razılaşma əldə olunduqdan sonra İran gəmilərinin Hörmüz boğazından keçidinə Vaşinqton tərəfindən nəzarət edilməsinə razılıq verməyəcək. Qeyd olunub ki, sazişin mətnində dəniz blokadası aradan qaldırıldıqdan sonra ABŞ-nin İran gəmilərini təftiş və ya onlara nəzarət edəcəyinə dair heç bir təsdiq yoxdur.

.