ABŞ və İsrail noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək imkanını nəzərdən keçirirlər.
“The New York Times“ qəzetinin mənbələrə istinadən məlumatına görə, Vaşinqton və Təl-Əviv qısamüddətli, lakin intensiv hərbi əməliyyat planı hazırlayıblar.
Bildirilir ki, mümkün zərbələrin hədəfləri arasında İranın nüvə obyektləri, enerji infrastrukturu, raket və pilotsuz uçuş aparatları anbarları yer ala bilər.
Nəşrin iddiasına əsasən, Kolanq-Qaz-La dağının altında gizlədildiyi ehtimal olunan nüvə obyektinə də hücum edilə bilər.
Bununla yanaşı, bəzi amerikalı rəsmilər bildiriblər ki, hədəflər müəyyənləşdirilərkən İranın neft emalı zavodlarına zərbə endirilməsindən çəkinmək planlaşdırılır. Buna səbəb ABŞ Prezidenti Donald Trampın benzinin qiymətinin daha da artmasından narahat olmasıdır.
Qəzet qeyd edir ki, Tramp noyabrın 3-dən sonra hərbi əməliyyatların bərpası ilə bağlı hələ yekun qərar qəbul etməyib. Bununla belə, hücumların oktyabr ayında başlanması ehtimalı da tam istisna olunmur.
NYT-nin qiymətləndirməsinə görə, fevral-aprel aylarında həyata keçirilən bombardmanlar enerji qiymətlərinin və qlobal inflyasiyanın artmasına, Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin pisləşməsinə, həmçinin ABŞ-nin raketdən müdafiə ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
.
