Yəmənin “Ənsar Allah” (Husi) hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumları davam etdirəcəyi barədə xəbərdarlıq edib.
“Reuters“ xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri açıqlama verib.
O, hava limanının hələ də hərbi hədəf olduğunu bildirib, aviaşirkətləri, hava limanının əməkdaşlarını və sərnişinləri ərazidən istifadə etməməyə çağırıb.
Xəbərdarlıq hava limanında uçuşların qismən bərpası barədə qərardan sonra səsləndirilib. Oktyabrın 25-dən etibarən birinci terminal daxili, ikinci terminal isə milli aviaşirkətlərin beynəlxalq reyslərinə ayrılıb.
Qeyd edək ki, oktyabrın 10-da husilərin məsuliyyətini üzərinə götürdüyü hücum nəticəsində 13 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Bundan sonra hava limanının fəaliyyəti dayandırılıb.
.
