Pakistanın vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında aparılan danışıqların yekun razılaşması müharibənin tam dayandırılması üzrə ilkin anlaşmaya bağlıdır.

Bu, IRNA-da yayımlanan məqalədə əksini tapıb.

IRNA Tehranın Pakistan vasitəsilə ABŞ-ın rəsmi cavabını gözləyəcəyini, eyni zamanda, qarşı tərəfin hər hansı digər addımı üçün də hazır olduğunu yazıb.

Məlumata görə, yekun razılaşma müharibənin tam şəkildə dayandırılması barədə ilkin anlaşmanın əldə olunmasından asılıdır.

“İlk mərhələdə iki tərəf arasında yazılı memorandum imzalanacaq və bu sənəddə yekun razılaşma üçün tərəflərin gözləntiləri və şərtləri təsbit ediləcək”, - məqalədə deyilir.

İranın dövlət agentliyi yazır ki, memorandum imzalandıqdan sonra 30 günlük, ehtiyac olarsa, uzadıla biləcək müddət ərzində yekun sazişin detallarının və texniki məsələlərinin müzakirəsi aparılacaq.

Agentliyin məlumatına görə, ilkin mərhələdə əməli şəkildə qəbul ediləcək yeganə məsələ regionda bütün cəbhələr üzrə müharibənin birdəfəlik dayandırılması, beynəlxalq su yolları üzərindən ABŞ-ın hərbi təhdidinin aradan qalxması ilə İranın cənub sularında ticarət gəmilərinin təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunması olacaq.

Bildirilib ki, bu mərhələdə tərəflər arasında etimad yaradan bəzi əlavə addımlar və öhdəliklər də qəbul oluna bilər.

O da bildirilib ki, hazırkı mərhələdə müharibənin tam başa çatmasından əvvəl İranın nüvə proqramı ilə bağlı hər hansı təklif, öhdəlik və ya danışıqlar yoxdur. Tehranın mövqeyinə görə, müharibənin tam dayandırılması məsələsi ayrıca razılaşdırılmalı və nüvə dosyesi ilə hər hansı şəkildə əlaqələndirilməməlidir.

Sonda qeyd olunub ki, Tehran və Vaşinqton arasında danışıq təkliflərinin qarşılıqlı gediş-gəlişi tərəflərin mövqelərinin bir-birinə yaxınlaşdığını göstərir: “Tərəflər bir-birinə hər dəfə fərqli təklif göndərməyib, əksinə ilkin təklif əsasında mətnin dili və ifadələrində düzəlişlər aparıblar”.

.