Bu gün şəhərlər artıq yalnız insanların yaşadığı və inkişaf etdiyi məkanlar deyil. Onlar getdikcə rəqəmsallaşma, iqlim fəaliyyəti və regional əməkdaşlığın kəsişdiyi strateji platformalara çevrilir.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutan “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
“Biz anlayırıq ki, şəhərlər qlobal emissiyalara mühüm töhfə versələr də, eyni zamanda innovasiya, dayanıqlılıq və iqlim böhranına qarşı həllərin əsas hərəkətverici qüvvələridir. Bu istiqamətdə Azərbaycan şəhərləri çoxtərəfli diplomatiyanın mərkəzinə daha güclü şəkildə gətirməyə çalışır. Şəhərlərlə bağlı təşəbbüslər həm də sülh və investisiya məsələləridir. Azərbaycan bu strateji inkişafda fəal mövqe tutur. Biz şəhərlərin regional inteqrasiya, dayanıqlı şəhər inkişafı və regionlararası strategiyalardakı rolunu yüksək qiymətləndiririk. Təcrübəmiz göstərir ki, innovasiya və inkişaf bir-biri ilə sıx bağlıdır. Müasir infrastruktur, sənaye inkişafı, əmək bazarı hərəkətliliyi, investisiya axınları, mənzil tələbatı və iqlimə uyğunlaşma bir sistem kimi qarşılıqlı əlaqədədir. Eyni zamanda, dayanıqlı və düzgün planlaşdırılmış şəhərlər uzunmüddətli inkişaf və sosial rifah üçün vacibdir”, - nazir bildirib.
O qeyd edib ki, məhz bu yanaşmadan çıxış edərək Azərbaycan genişmiqyaslı bərpa və yenidənqurma prosesinə başlayıb: “Azad edilmiş ərazilərdə şəhərlər, qəsəbələr və kəndlər dayanıqlı inkişaf, “ağıllı şəhər” idarəçiliyi, “yaşıl enerji”, iqlimə davamlılıq və insan mərkəzli şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Bu layihələr təkcə fiziki infrastrukturun bərpası deyil, həm də iqtisadi artım, icmaların inkişafı və insan kapitalının gücləndirilməsinə xidmət edir. Eyni zamanda, münaqişədən sonra azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və məcburi köçkünlərin geri qaytarılması Azərbaycanın sülh gündəliyinə sadiqliyinin açıq göstəricisidir. Təxminən 15 milyard ABŞ dolları həcmində investisiya ilə Azərbaycan regionda münaqişə səhifəsinin bağlanmasına səmimi marağını nümayiş etdirir. Bu genişmiqyaslı postmünaqişə bərpa prosesi sülh quruculuğu strategiyamızın ayrılmaz hissəsidir. Bu, zorakılıq dövrünün sona çatdırılması və daha yaxşı gələcəyin qurulması strategiyasıdır. Uzunmüddətli münaqişənin sona çatması və yaşayış məntəqələrinin bərpası regionda təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar açıb. Bu kontekstdə Azərbaycan və Ermənistan arasında başladılmış normallaşma prosesi regional inteqrasiya və qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Bu proses sülhün möhkəmləndirilməsi və iqtisadi əlaqələrin inkişafı üçün mühüm mərhələdir”.
.
