Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dövlət əmlakının idarə edilməsi: Şəhər inkişafında torpaq resurslarına əsaslanan strategiya" tədbir təşkil olunub.
Toplantıda dövlət torpaqlarının və ictimai əmlakın şəhərsalma siyasətində rolu, sosial bərabərsizliyin azaldılması, dayanıqlı şəhərlərin formalaşdırılması və urbanizasiya prosesində torpaq idarəçiliyinin əhəmiyyəti müzakirə olunub.
Müzakirələr zamanı Braziliyanın bu sahədəki təcrübəsi nümunə göstərilib. Bildirilib ki, Braziliyada həyata keçirilən müasir dövlət torpaq siyasəti ictimai maraqların qorunmasına, əhalinin mənzil təminatının yaxşılaşdırılmasına, şəhər infrastrukturunun genişləndirilməsinə və ekoloji tarazlığın saxlanmasına xidmət edir.
Qeyd olunub ki, dövlət torpaqlarının səmərəli idarə olunması şəhərlərdə sosial-iqtisadi fərqlərin azaldılmasına və daha dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına mühüm töhfə verir.
Vurğulanıb ki, torpaq siyasəti yalnız şəhərsalma məsələsi deyil, həm də sosial rifah, iqtisadi inkişaf və ətraf mühitin qorunması ilə birbaşa bağlı strateji istiqamətdir. İctimai torpaqların mənzil proqramlarına yönəldilməsi, qeyri-rəsmi yaşayış məntəqələrinin leqallaşdırılması və ictimai xidmət infrastrukturunun genişləndirilməsi şəhərlərin dayanıqlığını artırır.
Eyni zamanda, ekspertlər torpaq idarəçiliyində beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək dövlət qurumları ilə maliyyə institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə şəhər inkişafı prosesində dövlət əmlakının strateji resurs kimi istifadəsinin gələcək urbanizasiya siyasətində əsas istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb.
.
