Dekabrın 15-i Türkiyənin hava məkanına daxil olan Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) müəyyənləşdirildikdən sonra sərnişin təyyarələrinin marşrutu dərhal dəyişdirilib.

Bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər məlumat verib. Nazir bildirib ki, Rusiya–Ukrayna müharibəsi dəniz nəqliyyatında olduğu kimi, hava nəqliyyatı, xüsusilə sərnişin təyyarələrinin hərəkəti üçün də təhlükə yaradır:

“15 dekabrda vurub saldığımız PUA hadisəsində hava hərəkətinin təhlükəsizliyi üçün dərhal tədbir gördük. Həmin marşrutdakı təyyarələri ən yaxın hava limanlarına yönləndirərək təhlükəsiz enmələrini təmin etdik. Təyyarələrimizin təhlükəsizliyini təmin etdikdən sonra PUA vurularaq salındı. Daha sonra mülki hava hərəkətinin təhlükəsiz şəkildə davam etməsini təmin etdik.

Qara dənizdə kritik suüstü və sualtı obyektlərimizi qorumaq üçün də zəruri tədbirlər görürük. Sondaj gəmilərimiz həyati əhəmiyyətə malikdir. Marşrutunu itirən və ya nəzarətdən çıxmış PUA və PDV-lərə, həmçinin sualtından gələ biləcək təhlükələrə qarşı tədbirlər görürük,” – deyə nazir qeyd edib.

.