Türkiyə atəşkəsdən sonra Ukraynaya sülhməramlı qüvvə göndərə bilər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlikdən bildirilib ki, Türkiyə Rusiya–Ukrayna müharibəsində daimi atəşkəsin təmin olunması məqsədilə həyata keçiriləcək bütün konstruktiv təşəbbüslərə töhfə verməyə hazırdır.

Bu kontekstdə Türkiyənin “İstəklilər Koalisiyası”na fəal şəkildə qoşulduğu qeyd olunub.

“Türkiyənin Ukraynaya sülhməramlı qüvvələr göndərməsi üçün ilk növbədə atəşkəs təmin edilməli, ardınca isə vəzifə bölgüsü dəqiq müəyyənləşdirilmiş bir missiyanın formalaşdırılması və hansı ölkənin hansı həcmdə töhfə verəcəyinin aydınlaşdırılması zəruridir.

Türkiyə regional sahiblik prinsipi çərçivəsində Qara dənizdə tarazlığı təmin edən və bölgənin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan “Montrö Boğazlar Konvensiyası”nı diqqətlə, məsuliyyətli, tərəfsiz və güzəştsiz şəkildə tətbiq edib və bunu belə də davam etdirəcək”, - Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd edib.

.