Gələn həftə keçiriləcək danışıqlarda Rusiya ilə Ukrayna arasındakı ərazi reallıqlarını kimin tanımalı olduğu müəyyən ediləcək.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, Putinin Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna Silahlı Qüvvələri tutduqları ərazilərdən çıxdıqda döyüşlər dayandırılacaq.

Bunun yalnız Donbasla bağlı olduğunu, yoxsa inzibati sərhədləri daxilində Zaporojye və Xerson vilayətini də əhatə etdiyi sualına isə belə cavab verib: "İndi bütün detalları verməyəcəyik. Əslində, Prezident dünən buna çağırış etdi. Bütün bunlar müzakirə olunacaq".

Kreml rəsmisi sülh planının mümkün parametrlərinin bütün təfərrüatlarını açıqlamayacaqlarını, çünki Ukrayna nizamlanmasını ictimai "meqafon" formatında müzakirə etmək istəmədiklərlərini söyləyib.

Peskov Putinin Ukrayna rəhbərliyinin qeyri-legitim olması və onunla müqavilə imzalamağın mənasız olması ilə bağlı sözlərinə də münasibət bildirib.

"Bilirsiniz, Putinin sözlərini diqqətlə oxuyun. O, Ukraynada yaranmış faktiki vəziyyətdən danışırdı. Bir tərəfdən Zelenskinin seçkilər keçirmək və konstitusiyaya əməl etmək istəməməsi səbəbindən legitimlik problemləri var. Digər tərəfdən hər kəsin vəziyyəti sülh yolu ilə həll etmək istəyi var", - Putinin sözçüsü vurğulayıb.

.