Rusiyanın Polşada fəaliyyət göstərən sonuncu diplomatik nümayəndəliyi olan Qdanskdakı konsulluğu dekabrın 23-dək bağlanmalıdır.

"İnterfaks" verdiyi məlumata görə, bunu Polşa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Matsey Vevyur jurnalistlərə bildirib.

"Dekabrın 23-ü gecə yarısına qədər konsulluq boşaldılmalı və ya bağlanmalıdır, konsulluq əməkdaşları isə Polşa ərazisindən kənarda olmalıdırlar", - o qeyd edib.

Xatırladaq ki, bu gün Sankt-Peterburqda Polşa səfiri Kşiştof Krayevskiyə hücum edildiyi məlum olub. "Gazeta Wyborcza" nəşri bildirib ki, hadisə noyabrın 16-da səfir Polşanın Müstəqillik Günü münasibətilə yerli polyaklarla görüşmək üçün Sankt-Peterburqa gəldiyi zaman baş verib.

Qeyd edək ki, noyabrın 19-da Polşa Rusiyanın ölkədə fəaliyyət göstərən sonuncu baş konsulluğunun bağlanması barədə qərar qəbul edib.

.