ABŞ və koalisiya tərəfdaşları İraqda İŞİD-ə qarşı həyata keçirilən “Inherent Resolve” əməliyyatını rəsmən başa çatdırıb.

Bu barədə ABŞ Müharibə Nazirliyinin (Pentaqon) mətbuat katibi Şon Parnellin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, koalisiya qüvvələrinin və hərbi texnikanın Ərbil aviabazasından nizamlı şəkildə çıxarılması İraqda İŞİD-i məğlub edən hərbi missiyanın uğurla başa çatmasını göstərir.

Bəyanatda bunun İraqda və regionda İŞİD-in təşkilatlanmış hərbi təhdid kimi məğlub edilməsi ilə nəticələnən 12 illik kampaniyanın yekunu olduğu bildirilib. Eyni zamanda, bunun müharibə şəraitində fəaliyyət göstərən koalisiya missiyasından İraqın rəhbərlik etdiyi təhlükəsizlik səylərinə keçidi ifadə etdiyi qeyd olunub.

Pentaqonun məlumatına görə, bundan sonra İraq təhlükəsizlik qüvvələri, o cümlədən Peşmərgə və İraq Kürdüstan Regionundakı digər təhlükəsizlik qüvvələri ölkənin təhlükəsizliyinin təmin edilməsində əsas rolu oynayacaq.

ABŞ Müharibə Nazirliyi İraq tərəfdaşlarına məqsədyönlü təlim və kəşfiyyat dəstəyi göstərməyə davam edəcək.

Bəyanatda həmçinin vurğulanıb ki, İraqın qarşılaşdığı, o cümlədən İŞİD-in qalıqları və İraqın suverenliyinə və regional sabitliyə təhlükə yaradan İranla əlaqəli silahlı qruplarla bağlı təhlükəsizlik məsələlərinin həllinə görə əsas məsuliyyət artıq İraq hökumətinin üzərinə düşür.

ABŞ-ın terrorizmlə mübarizəyə sadiq qaldığı və İŞİD-in İraq ərazisində yenidən təşkilatlanmasının qarşısını almaq üçün İraq və tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcəyi bildirilib.

.