Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Berlində almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə danışıqlar zamanı iki ölkə arasında investisiya-maliyyə platformasını yaratmağı təklif edib.
Bu barədə 24.KZ məlumat yayıb.
Platforma Almaniya və Avropa kapitalını Qazaxıstan maliyyəsi, zəmanətləri və risklərin bölüşdürülməsi mexanizmləri ilə birləşdirməlidir. Layihələrin strukturlaşdırılmasını "Bayterek" holdinqi həyata keçirəcək. Söhbət üç istiqamətdən gedir: kritik əhəmiyyətli materiallar, energetika və sənaye, eləcə də layihələrin maliyyələşdirilməsi.
Rəqəmsal innovasiyalar və süni intellekt sahəsində Qazaxıstan-Almaniya tərəfdaşlığı daha bir prioritet kimi göstərilib. Qazaxıstan Almaniyaya data-mərkəzləri, bulud texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal maliyyə həllərini birgə inkişaf etdirməyi təklif edir, "Alatau City"ni isə Almaniya texnologiyaları və kapitalı üçün meydança kimi nəzərdən keçirir.
Tokayev həmçinin Qazaxıstanın Mərkəzi Asiyada və Avrasiya məkanında Almaniyanın etibarlı tərəfdaşı olmaq istəyini bəyan edib.
.
