27 Sentyabr — Anım Günü ilə bağlı Yeni Zaman Partiyasının Bəyanatı

27 Sentyabr — Anım Günü Azərbaycan xalqının Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdiyi müqəddəs gündür.

Yeni Zaman Partiyası olaraq, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda həyatını fəda etmiş bütün şəhidlərimizin qarşısında dərin ehtiramla baş əyirik. Şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı xalqımızın milli iradəsinin və Vətən sevgisinin əbədi nümunəsidir.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi oldu. 44 gün davam edən müharibə xalqımızın həmrəyliyini, əsgər və zabitlərimizin qəhrəmanlığını və dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyəti bütün dünyaya göstərdi.

Bu tarixi prosesin davamı olaraq, 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edildi.

20 Sentyabr 2023-cü il Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 
Həmin tarix ölkəmizin suverenliyinin bütün ərazisində təmin olunması baxımından mühüm mərhələ kimi tarixə düşmüşdür.

Yeni Zaman Partiyası hesab edir ki, 27 Sentyabr Anım Günü şəhidlərimizin bizə əmanət etdiyi dövlətçilik dəyərlərinin qorunmasının, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinin vacibliyini bir daha xatırladır.

Şəhid ailələrinin və qazilərimizin qayğısına qalmaq, onların hüquq və sosial təminatını diqqətdə saxlamaq dövlət və cəmiyyət qarşısında mühüm vəzifələrdəndir.

Bu əlamətdar gündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhuna rəhmət diləyirik.

Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq!
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi əbədidir!

.