Yenidən "Real Madrid"in baş məşqçisi postuna qayıtmağa yaxın olduğu iddia edilən Joze Mourinyonun İspaniya klubunda köklü dəyişikliklər edəcəyi gözlənilir.
Bu barədə İspaniyanın "Fichajes" nəşri məlumat yayıb.
Məlumata görə, portuqaliyalı mütəxəssisin komandadan uzaqlaşdırmaq istədiyi ilk futbolçunun adı da bəlli olub. Təcrübəli məşqçi Eduardu Kamavinqa ilə yolları ayırmaq niyyətindədir.
Mourinyonun heyətə cəlb etmək istədiyi ulduz futbolçu ilə bağlı da maraqlı iddia ortaya atılıb. Belə ki, portuqaliyalı mütəxəssisin "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini Madrid klubuna gətirmək istədiyi bildirilir.
Nəşrin məlumatına görə, Mourinyo "Qızıl top" mükafatının sahibi olan ulduz futbolçunun transferini komandada planlaşdırdığı köklü dəyişikliklərin əsas hissələrindən biri hesab edir.
Bundan başqa, Mourinyo daha əvvəl "Mançester Yunayted"də birlikdə çalışdığı Markus Reşfordun da "Real Madrid"ə keçidində maraqlıdır. Bu barədə isə "The Independent" nəşri məlumat yayıb. Hazırda "Barselona"da icarə əsasında çıxış edən Reşfordun transfer hüquqlarının birdəfəlik alınması ilə bağlı yekun qərarın verilməməsi bu keçidin baş tutma ehtimalını artırır.
Əgər transfer reallaşarsa, Markus Reşford karyerası ərzində həm "Real Madrid", həm də "Barselona" forması geyinən azsaylı futbolçulardan birinə çevriləcək.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis daha əvvəl 2010-2013-cü illərdə "Real Madrid"in baş məşqçisi olub. O, həmin dövrdə komandanı La Liqa və Kral Kuboku çempionluqlarına daşıyıb.
Məlumatlara görə, Madrid təmsilçisi yeni mövsüm ərəfəsində heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırır. Yay transfer pəncərəsində klub rəhbərliyinin mühüm və həlledici addımlar atacağı gözlənilir.
.
