Əfsanəvi futbol veteranı Dieqo Maradona yenidən məşqçiliyə başlamaq xülyasına düşüb.
Qaynarinfo.az xəbər verir ki, bir neçə yerdə uğursuz məşqçi işi ilə yadda qalmış Maradona bu dəfə Boliviya millisini çalışdıra bilər.
Bu barədə Boliviya Futbol Federasiyasının xəzinədarı Kliver Roça bildirib. Onun sözlərinə görə, menecerlərdən biri 55 yaşlı Maradonanı ona təklif edib.
Hazırda Boliviya millisinin baş məşqçi postu boşdur. Əvvəlki baş məşqçi Xulio Sesar Baldivyeso Amerika Kubokunun qrup mərhələsində bütün 3 oyunda məğlub olduqdan sonra millidən qovulub.
Onu da bildirək ki, Dieqo Maradonanın Rio-de-Janeyrodakı Olimpiadada Argentina millisini çalışdıracağı da deyilirdi. Maradonanın məşqçi kimi son iş yeri 4 il əvvəl Dubayın "Əl-Vəsl" klubu olub.
.
