ABŞ Prezidentinin Administrasiyası “Trump TV” adlanan xəbər kanalını işə salıb.
Yenizaman“The Washington Sun” nəşrinə istinadən xəbər verir ki, platformada ilk olaraq Prezident Donald Trampın iki ay əvvəlki çıxışının videoçarxı yayımlanıb.
ABŞ liderinin mətbuat katibi Kaelan Dorr “Trump TV”də administrasiyanın ən parlaq anlarının senzurasız canlı yayımının aparılacağını bildirib. Onun sözlərinə görə, bu kanalda hətta əsas xəbər kanallarında işıqlandırılmayan məqamlar da nümayiş etdiriləcək.
“Bəzi hallarda mətbuat administrasiyanın amerikalıların rifahı naminə əldə etdiyi çoxsaylı rekord nailiyyətlər haqqında qeyri-dəqiq məlumatlar verirdi və ya ümumiyyətlə məlumat vermirdi”, - Dorr əlavə edib.
Qeyd edək ki, “Trump TV”nin yayımı Ağ Evin “YouTube” kanalında aparılır. Həmçinin Ağ Evin rəsmi tətbiqinin “canlı yayımlar” bölməsində yerləşdirilib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp CNN, MSNBC və “Politico”nun jurnalistlərinin Ağ Evə girişini qadağan edib. Tramp sözügedən mətbuat orqanlarını administrasiya haqqında yalan məlumatlar yaymaqda ittiham edib. Buna cavab olaraq, həmin mətbuat orqanları jurnalistlərinin Ağ Evə girişini bərpa etmək məqsədilə Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıblar. Ölkənin digər televiziya kanalları isə həmkarları ilə həmrəyliklərini nümayiş etdirmək üçün ABŞ liderinin çıxışlarını səssiz yayımlamağa başlayıb.
.
