Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılmış "Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh edib.

Agentliyin sədrinin I müavini Cəfər Babayev bildirib ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər.

Onun sözlərinə görə, bununla bağlı ilk təşəbbüslə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çıxış edib: "Həmin qanunun 3-cü maddəsi istisnalara həsr olunub. Orada 3.2.8-ci maddə var ki, kommersiya müəssisələri öz vəsaitlərindən istifadə etdikdə "Dövlət satınalmaları haqqında" qanunun çərçivəsindən kənarda qalırlar. Yəni özləri təsdiq etdikləri qaydalar çərçivəsində istədikləri kimi öz pullarını, öz məqsədləri üçün lazım olan malların alınmasına xərcləyə bilərlər. Ümumiyyətlə, bu necə formalaşıb, problem necə ortaya çıxıb? Qanun layihəsi hazırlanarkən bir sıra müəssisələr, dövlət təşkilatları təşəbbüslə çıxış etdilər ki, kommersiya müəssisələrinin operativ fəaliyyətini təmin etmək üçün "Dövlət satınalmaları haqqında" qanunun çərçivəsi çox çətindir".

"Deyə bilərik ki, bu, SOCAR-dır, "Aqrarkredit"dir, "Azərbaycan Dəmir Yolları"dır, "Azərbaycan Beynəlxalq Bankı"dır - hamısı kommersiya müəssisələridir. Amma o zaman qanun layihəsi təsdiq olunanda bir sıra limitlər, məhdudiyyətlər formalaşdı. Birincisi, bu müəssisələrin "öz vəsaitləri" dedikdə yalnız özlərinin qazandığı vəsait nəzərdə tutulur. Əgər vəsaitləri özlərinindirsə, onları qanundan kənar xərcləyə bilərlər. İkincisi, digər məhdudiyyət ondan ibarətdir ki, bu müəssisələrdə Müşahidə Şurası olmalıdır. Əgər kommersiya müəssisəsi olsa belə, Müşahidə Şurası yoxdursa, müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi və ya müəyyən etdiyi orqandan – indiki halda bu, daha çox Prezidentin səlahiyyətinə aid olan məsələlərdir – icacə almaqla "Dövlət satınalmaları haqqında" qanun çərçivəsində həmin pulları xərcləməlidir. Üçüncü məhdudiyyət ondan ibarətdir ki, onlar bu fəaliyyət qaydalarını təsdiq etməlidirlər. Hazırda bu müəssisələrin, dediyim kimi, misal üçün SOCAR-ın, "Beynəlxalq Bank"ın öz qaydaları var. Həmin qaydalar müəyyən olunub və şəffaf, aydın şəkildə tətbiq olunur. Dördüncüsü isə biz yenə qanunvericiliyə əlavə etdik ki, hətta onlar öz qaydalarına uyğun olaraq vəsaiti xərcləyirlərsə, həmin vəsait üzrə müqavilələrin bağlanılması xüsusi rəqəmsal maliyyə vasitəsilə baş verməlidir. Yəni Maliyyə Nazirliyi onların xərclədiyi bütün pulları, hətta öz pullarını, öz vəsaitlərini xərcləyirlərsə belə, görə biləcək", - deyə sədr müavini qeyd edib.

Onun sözlərinə görə, qeyd olunan 3.2.8-ci maddə hazırda da qüvvədədir: "Müddət getdikcə bir sıra dəyişikliklər oldu və konkret olaraq "AZCON Holding" yarandı. Holdinqin tərkibində olan müəssisələr də operativ fəaliyyətlə məşğuldurlar. O siyahı kifayət qədər genişdir. Bura "Azərbaycan Hava Yolları" (AZAL), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) və "Bakı Metropoliteni" QSC-lər, "Aztelekom" MMC daxildir. Bu müəssisələrin hər biri kommersiya xarakterli müəssisələrdir. Yəni onların məqsədi vəsait qazanmaq, effektiv fəaliyyət göstərməkdir. Bir müddət öncə bu holdinq formalaşdıqdan sonra təkliflə çıxış etdik ki, biz də bu müəssisələri həmin kateqoriyaya aid edək. Konkret olaraq 3.2.8.1-ci maddə "AZCON Holdinq"in müəssisələrinə eyni hüququ vermək üçün təklif olunan dəyişiklikdir".

.