Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlərinin siyahısını təsdiq edib.

Bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, dairə seçki komissiyalarının fəaliyyət müddəti 5 ildir, MSK bu gün 125 DSK-nı yenidən formalaşdırmalıdır.

MSK sədri qeyd edib ki, 1125 nəfər DSK üzvünün təyin olunması rəsmiləşəcək: “Siyahı mətbuatda dərc olunacaq. 5 gün müddətində bütün DSK-larda DSK sədri və katibi seçiləcək. Bu proses gecikməməlidir”.

***

Azərbaycanda dairə seçki komissiyalarının (DSK) yenidən formalaşdırılması prosesinə başlanır.

Mərkəzi Seçki Komissiyasının bununla bağlı bu gün iclası keçiriləcək.

Seçki Məcəlləsinə əsasən, iclasda Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlüyünə namizədləri təqdim edəcəklər.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.

DSK-ların yenidən formalaşdırılması ilə bağlı qərar və qərara əlavə olunan dairə seçki komissiyaları üzvlərinin siyahısı rəsmi mətbuatda dərc olunacaq.

DSK-ların yeni tərkibi barədə məlumat MSK-nın internet səhifəsi vasitəsilə də ictimailəşdiriləcək.

.