“İpək Yolu Sığorta” ASC-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə verilmiş icazənin ləğv edilməsi yolu ilə sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 24 yanvar 2023-cü il tarixindən məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Bildirilib ki, “İpək Yolu Sığorta” şirkətinin müraciəti şirkətin malik olduğu mövcud insan, maliyyə və texnoloji resursları, eləcə də qarşıdakı dövrün inkişaf perspektivləri nəzərə alınmaqla qəbul edilən yeni biznes strategiyasına əsasən digər sığorta növlərinin inkişaf etdirilməsinin planlaşdırılması ilə əlaqədardır. “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 2022-ci il ərzində 334 520 manat sığorta haqqı toplayıb. Bu həmin növ üzrə toplanılan sığorta haqlarının (114 065 708 manat) 0,29 %-ni təşkil edir.

Qeyd edilib ki, Qanunun 105.3-cü və 105.4-cü maddələrinə müvafiq olaraq sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir. Sığortaçı lisenziyasının qüvvəsinin məhdudlaşdırıldığı sığorta növü üzrə əvvəllər bağlamış olduğu sığorta müqavilələrində üzərinə götürdüyü öhdəlikləri həmin müqavilələrin müddəti başa çatanadək və ya onlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919-cu maddəsində nəzərdə tutulmuş əsaslarla vaxtından əvvəl xitam verilənədək yerinə yetirməlidir.

.