Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın təhlükəsizliyi kontekstində çox mühümdür.

Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, hətta Avropada Azərbaycan-Gürcüstan əməkdaşlığının enerji təhlükəsizliyi və diversifikasiyası baxımdan həyati dərəcədə əhəmiyyətli olduğunu deyirlər.

Azərbaycan və Gürcüstanın təşəbbüsü ilə həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir

Xəzər dənizi ilə Qara dənizi birləşdirəcək, Qara dənizin dibi ilə Rumıniya sahillərinə, oradan isə Macarıstan və digər Avropa ölkələrinə uzanacaq kabel layihəsi üzrə texniki işlər başa çatıb.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, layihənin texniki və maliyyə-iqtisadi əsaslandırılması işləri yekunlaşıb.

Onun sözlərinə görə, mütəxəssislər layihənin çoxşaxəli və maliyyə baxımından əlverişli olduğunu düşünürlər.

“Düşünürük ki, yaxın gələcəkdə bu, artıq yeni bir istiqamət olacaq”, – deyə Ceyhun Bayramov qeyd edib.

XİN rəhbəri vurğulayıb ki, Azərbaycan və Gürcüstanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən bu və digər layihələr geniş Avropa məkanının enerji təhlükəsizliyinə ciddi töhfə verir.

Gürcüstan və Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əməl edir

Cənubi Qafqaz regionunun güclənməsinə töhfə verən bütün layihələr əhəmiyyətlidir.

Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüş zamanı qlobal proseslər, regional geosiyasi vəziyyət, ikitərəfli münasibətlər və regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Nazir qeyd edib ki, daha geniş regionda nəqliyyat və logistika dəhlizlərinin inkişafı da müzakirə olunan əsas məsələlərdən olub.

“Gürcüstan-Azərbaycan əlaqələri uzunmüddətli dostluğa, qarşılıqlı dəstəyə və etimada əsaslanır. İkitərəfli münasibətlərimiz və regional kontekstdə əməkdaşlığımızın inkişafı bizim üçün çox mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.

Maka Boçorişvilinin sözlərinə görə, hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə əməl edir və onların möhkəmləndirilməsinə çalışır.

O, təhsil və mədəniyyət də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

“İki ölkə arasında mövcud dostluq və qarşılıqlı münasibətlər bütün istiqamətlərdə əlaqələrimizin daha da dərinləşdirilməsi üçün əsas təşkil edir”, – Gürcüstan XİN rəhbəri qeyd edib.

Maka Boçorişvili çıxışında gələn il Ceyhun Bayramovu Tbilisidə qəbul etməkdən məmnun olacağını bildirib.

O, "Sülhün kəsişməsi" təşəbbüsü barədə danışdıqlarını da diqqətə çatdırıb.

Nazir əlavə edib ki, bu təşəbbüs regional bağlılığın gücləndirilməsi baxımından kifayət qədər böyük əhəmiyyətə malikdir və bu istiqamətdə aparılan işləri izləyirlər.

Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiya müntəzəm fəaliyyət göstərir və proseslə bağlı məsələləri müzakirə edir.

APA xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hər iki tərəf delimitasiya prosesində irəliləyiş əldə olunması üçün səylərini davam etdirir.

“Bu proses hər iki ölkənin maraqlarının maksimum nəzərə alınması və qarşılıqlı hörmət prinsipi əsasında aparılır”, – Maka Boçorişvili qeyd edib.

.