Noyabrın 13-də Bülbül Fondunda  keçirilən müzakirə kulturoloji prizmadan

Noyabrın 13-də Bülbül Fondunda Milli Məclisin Mədəniyyət Komitəsi “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn  prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəniyyət diplomatiyası” mövzusunda  keçirildi. Tədbirin məhz bu məkanda keçirilməsi Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlunun təşəbbüsü idi. Düşünürəm ki, bu seçim təsadüfi deyildi, rəmzi məna daşıyırdı. Fond XX əsrin birinci yarısında, qəddar siyasi sistemin imkan verdiyi çərçivədə, Azərbaycanı incəsənət vasitəsilə beynəlxalq arenaya çıxarmış böyük sənətkar Bülbülün adını daşıyır. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında dahi  Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Bülbülün ifasında Koroğlu obrazı xalqımızın qəhrəmanlıq eposu vasitəsilə milli ləyaqəti, xalq ənənələrinə  bağlılığı və incəsənətdə yeni sintezlərə açıqlığı bəyan etdi. HazırdaBülbül fondu memorial məkan olmaqla yanaşı, həm də tarixi yaddaşın dəyişən dünyanın çağırışlarına cavab olan yeni mədəni kodun toplanma nöqtəsi, sabahın mədəniyyət siyasətinin strateji baxışlarının qovuşduğu məkandır.
Mədəniyyət diplomatiyasıkomplimentarlığın bitdiyi və formaların, kodların, narrativlərin səmimi söhbətinin başladığı yerdən yaranır.  Mədəniyyət istənilən siyasi bəyanatdan daha çevik və sürətlə sərhədləri aşıb-yayılan, incəsənət  sədalarının   tektonik titrəyişlərini və hətta ən həssas nəbz  döyüntülərini belə duyub anındaca əks-səda yaradan akustik membrana bənzəyir. 
İctimai müzakirələr Azərbaycanın mədəniyyət diplomatiyasının təkamülünə 15-illik zaman məsafəsindən baxmağa vadar etdi. “Bakı prosesi”nin başlanğıcı dönənimdə“mədəniyyətlərarası dialoq”, “mədəniyyət diplomatiyası” anlayışlarıçoxları tərəfindən nəzəri abstraksiya və ya mədəni mübadiləhadisə kimi qəbul edilirdi. Lakin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 oktyabr 2026-ci il tarixində Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında təyin olunan prioritetlər kontekstində  köhnə paradiqmanın yenisi ilə əvəzlənməsinin şahidi oluruq. Mədəniyyət diplomatiyası “yumşaq güc” alətidir kimidar birmənalı məfhum məcrasından  çıxaraq  mürəkkəb, çoxqatlı  poliloq  məkanına çevrilir. Rəngkarlıqdakı avanqard axtarışlardan müasir akademik musiqinin polifoniyasına qədər Azərbaycan incəsənəti stereotipləri dekonstruksiya etmək üçün güclü potensiala malikdir.  Məsələ artıq sadəcə mədəni artefaktları ixrac etmək deyil, qlobal dünya ilə intellektual rezonansa girə biləcək yeni mənaların generasiyasına nail olmaqdır.
    Prezident İlham Əliyevin “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, yaradıcı intellektualları  qarşısında  da mədəniyyət diplomatiyası və mədəniyyətlərarası dialoqun qlobal səviyyəyə qaldırılması və təşviqi uçün addımların atılması sahəsində konkret prioritet istiqamətlər təyin edir. Ötən illərin zəngin təcrübəsinə və qlobal dəyişikliklərə kulturoloji prizmadan nəzər saldıqda, dövlət başçısının səsləndirdiyi strateji tezislər siyasi bəyanat olaraq, məhz  XXI əsrin yaradıcı intellektinə ünvanlanmış fundamental hədəflər sistemidir. Bu çıxışın konseptual kulturolojitəhlili göstərir ki, müasir mədəniyyət diplomatiyası sənət adamlarının qarşısında konkret yaradıcılıq və ideoloji istiqamətlər qoyur.  Həmin prioritetləri açmağa cəhd edək.

Multikulturalizm: şüar yox, leytmotiv.

Dövlət başçısı çıxışında Azərbaycanın mədəni kodunu formalaşdıran  humanist ali dəyərlər və sülh mədəniyyəti, xalqımızın qlobal miqyasda fərəhlə  təqdim edə biləcəyi  mədəni kapital kimi səciyyələndirir. Qeyd edir ki, Azərbaycanda multikulturalizməsöykənən çox əsirlik birgəyaşam və unikal millətlərarası dialoq modeli  “xalqımızın əsrlər boyu yaşatdığı ali meyarlardır”. Kulturoloji oxunuşda bu siyasi kurs uzunmüddətli tarixi təcrübə ilə formalaşmış mədəni davranış modeli kimi də şərh oluna bilər. Azərbaycan əsrlər boyu Şərqlə Qərbin, Asiya ilə Avropanın mədəni təsirlərinin kesişdiyi məkan olub. Burada müxtəlif etnik qruplar və dinlərin nümayəndələri qarşılıqlı mədəni mübadilə şəraitində bərabər hüquqlarla, vahid ailə kimi yaşayıblar. Azərbaycan tarixən fərqliliklərin toqquşma yox, bir-birini  zənginləşdirmə mənbəyinə çevrildiyi özünəməxsus mədəni mühit yaranıb. Ölkəmizin tolerantlıq imicinin gücləndirilməsi və xarici tərəfdaşlarla dialoqda etibarlı təməl rolunu oynayan Azərbaycan   multikulturalizmi   modeli  sənət əsərlərinin əsas leytmotivinə çevrilməli, bütün bəşəriyyətə aydın olan universal vizual və səhnə dilləri, işarə sistemləri yaradılmalıdır.

Texnogen  cağda köklərə bağlılığın qorunması. 

Dövlət başçımız öz nitqində kulturoloji mahiyyət daşıyan bir məsələni də gündəmə gətirir “yaşadığımız sistemlərdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik”. Bu, mədəni identikliyin və kollektiv yaddaşın gücünü göstərir. Bu o deməkdir ki, Azərbaycanın tarixi taleyində yaşamağa məcbur olduğu siyasi sistemlərin təsiri  xalqımızın milli hisslərini və əzmini poza bilməmiş, artıq 35 illiyi qeyd olunan Müstəqil  Azərbaycanın milli-mənəvi dəyərlər kodunda şifrələnmişdir. Cəmiyyətimizi bütün sınaqlardan çıxaran və birləşdirən azərbaycançılıqməfkürəsi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanları ortaq mədəni-tarixi kimlik ətrafında bir araya gətirən vətəndaşlığın mədəni təməl rolunu oynayır. Azərbaycançılıqməfkürəmizi, milli kimliyimizi (milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz və tarixi yaddaşımız)  köklərimizə bağlı qalmaqla  texnogen cəmiyyətin qlobal tamaşaçısına müasir  bədii ifadə vasitələrindən  (rəqəmsal incəsənət, müasir instalyasiyalar, sintez olunmuş musiqi və teatr layihələri və s.) istifadə etməklə sərgiləmək incəsənət xadimləri qarşısında yeni vəzifələr təyin edir.
Zəfər ruhu bədii obrazda.
44 günlük Vətən müharibəsində bütün etnik və dini qruplar Qələbənin rəmzi olan “Dəmir yumruq” kimi birliyini və həmrəyliyini nümayiş etdirmişdir. Prezidentin sözləri ilə desək, Azərbaycan cəmiyyətində qarşılıqlı hörmətin və tolerantlığın real platforması olmasaydı, “biz heç zaman uğur qazana bilməzdik”. Xalqımızın Zəfər ruhunu və “Dəmir yumruq” ideyası altında həmrəyliyini  bədii obrazlarla dünya sərgilərinə və festivallara çıxarmaq zərurudir. Milli-mənəvi dəyərlərimizə olan sadiqliyimizin nümayişi xarici siyasətdə suverenliyimizin qorunmasına, qlobal səviyyədə ləyaqətlətəmsil olunmağımıza xidmət edir. 

Qlobal ideyalar dialoqunda “divarların yox, körpülərin qurulması”.

Dövlət başçımızın “divarların yox, körpülərin qurulması” siyasi xətti mədəniyyət və incəsənət xadimlərimizin, yaradıcı mədəniyyət diplomatiyamızın də əsas fəaliyyət prinsipinə çevrilməlidir. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü, Avropa Siyasi  Birliyi, AQEM və digər mötəbər tədbirlərə ev sahibliyi etməsi mədəniyyət diplomatiyamızın  coğrafiyasını genişləndirir, bununla da Azərbaycanı qlobal əməkdaşlıq mərkəzi statusunu əldə edir.  Bu nailiyyətlər Azərbaycanın yaradıcı simalarını xarici ölkələrin sənətçiləri, qalereyaları, teatrları və musiqiçiləri ilə birgə beynəlxalq layihələrə, simpoziumlara, mədəniyyətlərarası festivallarda iştiraklarına motivasiya verməli, sənət əsərlərimiz qlobal miqyasda ideyalar dialoqu iştirakçısına çevrilməlidir. İncəsənətxadimlərimiz “divarların yox, körpülərin qurulması” mesajını rəhbər tutub  beynəlxalq platformalarda (rəqəmsal portfellər (digitalportfolio), beynəlxalq müsabiqələr, qrant proqramları) sənət əsərlərini peşəkar səviyyədə nümayişetməlidirlər.

Tarixi ədalətin bədii dildə təcəssümü.

İkili standartlara qarşı mübarizə və tarixi ədalətin bərpası dövlətimizn xarici siyasətinin mühüm istiqamətidir. Prezident İlham Əliyevin Forumdakı çıxışından irəli gələn mədəniyyət diplomatiyamızın digər prioriteti isə onun sadəcə “yumşaq güc” aləti deyil, həm də ədalətli beynəlxalq davranış qaydalarının, qarşılıqlı hörmətin və hüquqi bərabərliyin təbliğatı vasitəsi kimi çıxış etməsini zəruri edir.  Bu, öz növbəsində, sənətadamlarını öz əsərlərində (kino, teatr, rəngkarlıq, ədəbiyyat) həqiqətin və tarixi ədalətin bərpası, işğala son qoyulması və xalqımızın haqq səsi barədə emosional təsir gücünə malik olan bədii dildə beynəlxalq ictimaiyyətə mesajların ötürülməsi zərurətini yaradır. Düşünürəm ki, qlobal miqyasda bəzən mövcud olan  konyunktura, qərəzə və ikili standartlara qarşı  sənət adamları milli ləyaqəti və obyektivliyi əsas meyar götürməlidirlər. Dövlət başçımızın qeyd etdiyi kimi, kiminsə kənardan necə yaşamaq lazım olduğunu diktə etməsinə mənəvi haqqı yoxdur. Sənət adamlarımız da beynəlxalq tədbirlərdə müstəqil ölkənin ləyaqətli nümayəndəsi kimi öz əsərlərində  milli-mənəvi dəyərlərimizi  qürurla nümayiş etməli, istedad və zəhmətə əsaslanan dünya səviyyəli sənət məhsullarını yaradaraq dünya birliyinə sülh, bərabərlik və beynəlxalq hüququn aliliyi ideyalarını çatdırmalıdırlar. 
Sənət adamlarının sülh mədəniyyəti və həmrəyliyə dəstəyi.
Cənab Prezident “biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik” çağırışı Azərbaycanın sülh mədəniyyəti modelinin siyasi strateji təzahürüdir. Kulturoloji baxımdan bu mövqe ortaq gələcəyə yönəlmiş mədəni paradiqma qurmaq cəhdi kimi oxuna bilər. Məhz bu yanaşma Cənubi Qafqazda sülh ideyalarını təbliğ edən Azərbaycan, münaqişənin həllindən sonra dayanmağı və sülh təklif etməyi bəşəriyyət üçün mühüm presedent və təcrübə kimi ortaya qoyulmuşdur. Prezident İlham Əliyevin Forumda çıxışında qaldırdığı sülh presedenti, iqtisadi sinerji və gələcək risklərdən müdafiə prioritet məsələləri mədəniyyət diplomatiyası  prizmasından regionda  sabitliyin dayağınınvə proqnozlaşdırılması çətin olan qlobal risklərə qarşı ayıq-sayıqlıq və milli həmrəylik mühitinin daha da gücləndirilməsinə dəvət  edir. Bu çağırış mədəniyyət və incəsənət xadimlərindən yalnız yaradıcılıq ilə məhdudlaşmamağı, sülhə, stabilliyə və milli təhlükəsizliyə mədəni vasitələrlə güclüdəstək verməsini şərtləndirir.
Keyfiyyət meyarı: dünya səviyyəsində rəqabətə davamlılıq.
Bu gün sənət adamlarımız qlobal rəqabətə tab gətirə biləcək yüksək intellektual məzmunlu və peşəkar səviyyəli layihələrin hazırlanmasını hədəf seçməlidir. Həmin layihələrin əsas keyfiyyət meyarı kimi beynəlxalq sənət tənqidçilərinin və sənət bazarı tərəfindən rəğbətlə qarşılanması götürülməlidir. Azərbaycan mədəniyyətlərarası münasibətlərdə sabitliyin, etibarlılığın əsas dayağı, sühməramlı və  dialoqa açıq imicini yüksək peşəkarlıqla təmsil etməlidir.
Ölkəmizin intellektual və bədii landşaftının əsas simalarının – rektorlar Fərhad Bədəlbəyli və Kamal Abdulladan tutmuş yaradıcılıq ittifaqlarının sədrləri Anar, Fərhad Xəlilov, Firəngiz Əlizadə, Hacı İsmayılov, AMEA-nınvitse-prezidentiGövhər Baxşəliyevanın, millət vəkilləri  Rəfail Hüseynovun, Günay Əfəndiyevanın, Mədəniyyət Nazirliyinin nümayəndələrinə qədər – bir masa arxasında toplanması milli mədəniyyətimizin beynəlxalq müstəvidə təbliği və təşviqinin yeni mexanizmlərinin birgə səylərlə işlənilməsi üçün nadir bir platforma yaradır. İştirakçıların baxışları  bir hədəfdə sinxronlaşırdı: incəsənətin canlı, bəzən isə hətta ziddiyyətli enerjisini cilovlayıb dövlətin institusional qlobal mədəni  dialoq və mədəniyyət diplomatiyası xəttinin vahid, təsirli nəbzinə çevirmək. Belə bir format göstərir ki, Bülbül Fondu yaxın gələcəkdə bu istiqamətdə unikal model, yəni Yaradıcı Think-Tank (Yaradıcı Təhlil və İdeya Mərkəzi) oynaya bilər. Bu məkanda sənət adamları, alimlər, dövlət və ictimai xadimlər mədəniyyət siyasətinin, o  cümlədən mədəniyyət diplomatiyasının konseptual əsaslarını birlikdə formalaşdıra, incəsənətin təcrübəsini strateji təkliflərdə irəli sürə bilərlər. 

Yeganə A.Əliyeva
AMEA-nın  Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, 
kulturologiya üzrə fəlsəfə doktoru, dosent,
art-kritik,Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

.