ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya NATO-nun 5-ci maddəsinə əsaslanan, hüquqi baxımdan məcburi təhlükəsizlik təminatları təqdim etməyə hazırdır.

Bu barədə “Axios”a yüksək vəzifəli amerikalı rəsmi şəxs bildirib.

Onun sözlərinə görə, müvafiq saziş ABŞ Konqresinin səsverməsinə çıxarılacaq. Qeyd edilib ki, Vaşinqton Kiyevə “boş çek” deyil, güclü və real təhlükəsizlik təminatı təklif etməyə çalışır.

“Biz ukraynalılara elə bir təhlükəsizlik zəmanəti vermək istəyirik ki, bu bir tərəfdən boş çek olmasın, digər tərəfdən isə kifayət qədər güclü olsun. Biz bunu Konqresə göndərməyə və səsverməyə çıxarmağa hazırıq”, – amerikalı rəsmi bildirib.

Güman edilir ki, danışıqlar prosesi üç ayrı sazişdən ibarət olacaq: sülh, təhlükəsizlik təminatları və müharibədən sonrakı bərpa ilə bağlı razılaşmalar.

.