Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) dünyada şəhərsalma sahəsi üzrə ən böyük forumlardan biri hesab olunur.
Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.
Onun sözlərinə görə, Azərbaycanın belə böyük beynəlxalq foruma ev sahibliyi etməsi ölkənin bu sahəyə xüsusi maraq göstərdiyini nümayiş etdirir: “Eyni zamanda, mən hesab edirəm ki, bu forumun keçirilməsi və İran nümayəndə heyətinin burada iştirakı İran–Azərbaycan münasibətlərində şəhərsalma və ikitərəfli əməkdaşlığa yenidən diqqət ayrılması üçün imkan yaradır. Mənim fikrimcə, bu forum əlaqələrimizə müsbət təsir göstərəcək”.
Səfir WUF13-də İranın ayrıca pavilyonunun təşkil olunduğunu vurğulayıb.
Diplomat İran-Azərbaycan münasibətləri barədə də danışıb. Müctəba Dəmirçilu bildirib ki, İranla Azərbaycan arasında çoxillik münasibətlər mövcuddur: “Hesab edirəm ki, iki qonşu, dost və qardaş ölkə kimi hər zaman əlaqələrimizi yüksək səviyyədə qurmalı və onları inkişaf etdirməliyik. Hazırda müxtəlif sahələrdə - həm siyasi, həm iqtisadi, həm də digər istiqamətlərdə müsbət dinamika müşahidə olunur. İki ölkə arasında bundan daha böyük potensial mövcuddur. Bu imkanlardan xalqlarımızın rifahı, regionda sabitlik və əməkdaşlığın inkişafı naminə istifadə olunmalıdır”.
Səfir qeyd edib ki, WUF13 yeni imkanlar yaradır: “Belə tədbirlər İran və Azərbaycanın bir-birinin layihələri, təcrübələri və yanaşmaları ilə yaxından tanış olması üçün imkan yaradır. Məsələn, Azərbaycanda şəhərsalma sahəsində hansı yeniliklərin tətbiq olunduğunu öyrənmək mümkündür. Eyni zamanda İranda mövcud olan imkanlar və təcrübələr də Azərbaycan üçün maraqlı ola bilər. Ümumilikdə hesab edirəm ki, bu forum əməkdaşlığımıza yeni təkan verəcək”.
Səfir xüsusilə elm sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib: “Məsələn, Təbriz Tibb Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında əvvəllər uğurlu əməkdaşlıq mövcud idi. Birgə tibbi proqramlar və əməliyyatlar həyata keçirilirdi. Bu əməkdaşlıqları yenidən bərpa etmək və gücləndirmək lazımdır. Eyni zamanda, iqtisadiyyat, nəqliyyat, sənaye və şəhərsalma sahələrində də böyük potensial mövcuddur. Şərqi Azərbaycan əyalətində müxtəlif istiqamətlər üzrə güclü şirkətlər fəaliyyət göstərir və onların təcrübəsindən qarşılıqlı şəkildə faydalanmaq mümkündür”.
.
