Türkiyə millisi bu axşam Fatih Terimin rəhbərliyi altında 127-ci oyununa çıxacaq. İndiyə qədər "İmperator” "Ay-ulduzlular”ın sükanı arxasında 66 qələbəyə sevinib, 31 oyunda isə uduzub. 29 oyunda qalib müəyyənləşməyib.
İndi isə yeni mövsüm başlayır. 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün seçmə mərhələdən üzüağ çıxmaq lazımdır. 2 ay əvvəl Fransada keçirilən Avropa çempionatında yaşanan xoşagəlməz hadisələrdən sonra Fatih Terimin istefa ərizəsi qəbul edilmədi. Rəhbərlik tərəfindən tam dəstək alan "İmperator” komanda daxilində heç bir problemin qalmadığını və futbolçularına tam güvəndiyini bildirib. Ancaq hamını düşündürən bir sual var. Arda Turan niyə millidən kənarda qalıb?
"Barselona”da yeni mövsümə fırtına kimi başlayan Arda İspaniya Superkubokunda və La Liqada keçirdiyi 4 oyuna 3 qol və 3 məhsuldar ötürmə müəllifidir. Ancaq Türkiyə millisinin qarşıdakı Rusiya ilə yoldaşlıq, Xorvatiya ilə seçmə mərhələ oyunu üçün iştirak ərizəsinə onun adının salınmaması AÇ-2016-dakı mükafat qalmaqalının nəticəsidir.
Ümumiyyətlə, Fatih Terim məşqçilik karyerasında həmişə ulduz futbolçularla problemlər yaşayıb. Bəziləri münaqişə, bəziləri də xoşlanmadığı üçün komandadan uzaqlaşdırılıb. Hətta elələri olub ki, Terim məcburiyyət qarşısında onu heyətdən uzaqlaşdırıb. Bu hadisə onun karyerasını vərəqləmək üçün əla fürsətdir.
Publika.az "İmperator”dan üz çevirən ulduzlardan bəhs edəcək.
Hakan Şükür

Osman Tanburacıyla reportaj, komanda daxilindəki "avtoritetlik” Fatİh Terimi çox əsəbiləşdirirdi. Onların arası heç vaxt yaxşı olmayıb. Bu səbəbdən Şükür AÇ-2008-də heyətə salınmamışdı.
Predraq Miyatoviç

Terim "Fiorentina”ya baş məşqçi təyin olunan kimi birinci Miyatoviçi "qara siyahı”ya saldı. Gələcəkdə serbiyalı ulduz onun üçün "hamı hücuma qoşulsun, hamı müdafiə olunsun kimi axmaq taktikası var” demişdi.
Bülənt Qorxmaz

Terimin "Qalatasaray”dakı ilk dönəmində qazanılan uğurlarda pay sahiblərindən biri Bülənt ikinci dönəmdə "gəncləşdirmə siyasəti”nin qurbanı oldu. Təcrübəli kapitan bu küskünlüyü uzun müddət içində saxladı.
Yıldıray Baştürk

"Ştutqart”da oynadığı vaxtlarda AÇ-2008-ə aparılmadı. Sonralar bunu təəssüflə belə izah etmişdi: "Çempionlar Liqasının finalında oynayan ilk türk futbolçu idim. Əgər AÇ-2008-ə getsəydim həm dünya, həm də Avropa çempionatında oynayan nadir futbolçulardan biri olardım. Bütün mövsümü ona hazırlaşdım. Seçmə mərhələdə də 18 nəfərlik heyətdə idim. Millidən kənarda qaldığımı biləndə 3 gün ağladım”.
Andrea Pirlo

Terim "Milan”da işlədiyi qısa müddətdə komandanın liderlərindən sayılan Andrea Pirlo ilə münasibətlərində hər hansı bir gərginlik mətbuata sızmadı. Ancaq "Mayestro” bu il işıq üzü görən avtobioqrafik kitabında "İmperator”a qarşı sərt sözlər işlədib: "Fatih çox diqqətçəkən və qaydalara qarşı allergiyası olan qəribə bir adam idi. Lap əvvəldən "Milan”da çox işləyə bilməyəcəyi bəlli idi. Çox çəkmədi ki, baş məşqçi postundan qovuldu”.
Hakan Ünsal

İngiltərədən qayıtdıqdan sonra ikinci "Qalatasaray” dönəmi uğurlu alınmayan daha bir ulduz futbolçu. Həmin dövrü belə xatırlayır: "İngiltərə kimi çempionatı buraxıb "Qalatasaray”a və Fatih hocaya görə vətənə döndüm. Sonda heyətdən kənarda qalmaq məni çox məyus etdi”.
Ümit Karan

"İmperator”un ulduzunun barışmadığı futbolçulardan biri də Ümit Karan olub. Gecə həyatına meylli olması da, hücumçunun əleyhinə olan amildir. Bir çox oyunda oynamadı, bəzilərində heyətdən kənarda qaldı.
Burak Yılmaz

AÇ-2016-da Türkiyə mətbuatının gündəminə damğa vuran mükafat məsələsinin ilk səbəbkarlarından biri o idi. Bu gərginlikdən sonra Burak Terimin "qara siyahı”sına düşdü. Görəsən, onu bağışlayacaqmı? Bağışlayacaqsa, nə vaxt? Məlum deyil...
Arda Turan

"Mükafat tamaşası”nın ikinci aktyoru kimi Ardanın adı çəkilir. Deyilənə görə, "Barselona”nın ulduzu Buraka görə Terimlə üz-göz olub.
Milan Baroş

Terimin məşqçilik prinsipindən narazı olan legionerlərdən biri də Baroş olub. "Qalatasaray”dan ayrılan kimi gül ağzını açmışdı: "Terimlə bağlı yaxşı şeylər xatırlamıram. Onun möhtəşəm mütəxəssis olduğunu deyirdilər. İşləyəndən sonra həqiqəti gördüm. Həqiqət isə budur ki, dünyada ondan daha yaxşı işləyən xeyli məşqçi var”.
.
