Giorgi Qaxariya barəsində Gürcüstanda həbs qətimkan tədbiri seçilib və o, Almaniyada gizlənir. Almaniyanın hüquqi prosedurlara hörmət edib-etmədiyini bilmirəm, düşünürəm ki, Qaxariya Gürcüstana qaytarılmalıdır.
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Spiker ekstradisiya ilə bağlı hansı prosedurların aparıldığı barədə məlumatlı olmadığını bildirib.
“Axtarışda olan Qaxariyanın Berlində gizlənməsi, hətta Almaniyada müxtəlif mənbələrdən maliyyələşdirilməsi faktının özü düşünməyə vadar edir və şübhələr yaradır”, - Papuaşvili əlavə edib.
Qeyd edək ki, Gürcüstan Baş Prokurorluğu Qaxariya barəsində cinayət işi açıb. İş 2019-cu ilin 20-21 iyun hadisələri və işğal xətti yaxınlığında yerləşən Çorçana kəndində polis postunun yaradılması ilə əlaqəlidir. İttihamlara əsasən, keçmiş hökumət başçısı 13 ilədək həbs müddəti ilə üzləşə bilər. Ötən ilin noyabrında Tbilisi Şəhər Məhkəməsi Qaxariya barəsində qiyabi həbs qətimkan tədbiri seçib. Qaxariya ona irəli sürülmüş ittihamların uydurma olduğunu bildirərək “Gürcü Arzusu” partiyasını siyasi təqibdə ittiham edib.
Xatırladaq ki, Qaxariya 2017-2019-cu illərdə Gürcüstanın daxili işlər naziri, 2019-2021-ci illərdə isə Baş naziri olub. O, ötən ilin iyununda Gürcüstanı tərk edib, hazırda Almaniyada uzunmüddətli viza əsasında yaşayır.
.
