Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq testi müsbət nəticə verən atletlərin siyahısını açıqlayıb.
Virtualaz.org təəssüflə bildirir ki, əvvəlcədən ehtimal olunduğu kimi, 10 idmançının yer aldığı siyahıda Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostovanın da adı var.
Kostovadan istifadəsi qadağan olunmuş dehidroxlorometiltestosteron və stanozolol anabolik preparatları aşkarlanıb.
Svetlana Podobedova, Mayya Maneza, İlya İlyin, Zulfiya Çinşanlo (hamısı Qazaxıstan), Dina Sazanavets, Marina Şkermankova, Yevgeni Jarnasek (hər üçü Belarus), Apti Auxadov (Rusiya) və Yuliya Kalina (Ukrayna) da eyni aqibətlə üzləşiblər.
Qeyd edək ki, Boyanka Kostova "London-2012”-də 5-ci yeri tutub. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur.
Bu məsələdən sonra onun "Rio-2016”-da iştirakı sual altına düşüb.
Xatırladaq ki, bir müddət əvvəl xarici KİV-lər belə bir məlumat yaymışdılar ki, Valentin Xristovun, eləcə də Boyanka Kostova və İntiqam Zairovun dopinq-test nəticələri müsbət olub.
Ancaq virtualaz.org sonradan məlumatlı mənbələrdən dəqiqləşdirdi ki, 2012-ci il London Olimpiadasında bürünc medal qazanmış Valentin Xristovun adı həmin siyahıda yoxdur. Amma...
Onu da zatırladaq ki, Xristov və Zairov 2015-ci ildə ABŞ-da keçirilən dünya çempionatı ilə əlaqədar dopinq-testdə müsbət nəticə göstərdiklərinə görə 8 illik diskvalifikasiya alıblar.
