Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Ahmed İbrahim Azərbaycanda səfərdədir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici işlər naziri Ceyhun Bayramov bu gün sudanlı həmkarı ilə görüşüb.

Nazirlər Azərbaycan–Sudan münasibətlərinin hazırkı gündəliyini, o cümlədən siyasi, iqtisadi, humanitar, təhsil, enerji, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Nazirlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsində Xarici İşlər nazirlikləri arasında siyasi dialoqun, qarşılıqlı səfərlərin və məsləhətləşmələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək vurğulanıb.

Nazir Ceyhun Bayramov Sudan tərəfinə Azərbaycanın münaqişədən sonrakı dövrdə bərpa və minalardan təmizləmə üzrə irimiqyaslı səyləri, habelə rabitə və nəqliyyat sahəsində regional təşəbbüslər barədə məlumat verib.

Sudan XİN rəhbəri Azərbaycanın dövlət idarəçiliyi, “ASAN xidmət”, rəqəmsal inkişaf və infrastrukturun yaradılması sahəsində təcrübəsinə maraq göstərdiklərini vurğulayıb, Sudan tələbələrinə ayrılan təhsil təqaüdlərinə görə minnətdarlığını bildirib.

Səfər çərçivəsində Azərbaycan və Sudan hökumətləri arasında diplomatik pasport sahiblərinin qarşılıqlı olaraq vizalardan azad edilməsi haqqında Saziş imzalanıb.

.