ABŞ Sahil Mühafizəsi Atlantik okeanında iki həftədən çox davam edən təqibdən sonra Rusiyanın “kölgə donanması”na aid olması ehtimal edilən neft tankerini ələ keçirib.
Bu barədə “NBC NEWS” məlumat yayıb.
ABŞ ordusunun Avropa Komandanlığı Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi əməliyyatla bağlı birgə bəyanat yayıb. Bəyanatda ABŞ-ın sanksiyalarını pozduğuna görə “Bella 1” gəmisinin ələ keçirildiyi açıqlanıb. Bildirilib ki, tanker ABŞ Federal Məhkəməsinin qərarı əsasında ələ keçirilib.
ABŞ-ın müharibə naziri Pit Heqset saxlanılan tankerin Venesuela neftini daşıdığını bildirib. O, sanksiyaya məruz qalmış Venesuela neftinin dünyanın hər yerində saxlanılacağını vurğulayıb.
Rusiyanın "kölgə donanması" na məxsus olan ikinci tanker ABŞ tərəfindən ələ keçirilib
ABŞ Rusiyanın “kölgə donanması”-na daxil olan daha bir tankeri ələ keçirdiyini elan edib.
Bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem özünün “X” hesabında məlumat yayıb.
Məlumata görə “Sofia” adlı tanker Karib hövzəsi sularında ələ keçirilib.
Nazir bildirib ki, saxlanılan gəmilər — Bella I (Marinera) motorlu tankeri və Sofia motorlu tankeri — ya Venesuelada sonuncu dəfə olub, ya da oraya gedən istiqamətdə hərəkət edib.
“Qaça bilərsiniz, amma gizlənə bilməzsiniz”,- nazir xəbərdarlıq edib.
***
ABŞ Sahil Mühafizəsi və hərbi qüvvələri Atlantik okeanı boyunca iki həftədən çox davam edən təqibdən sonra Rusiyanın “kölgə donanması”na aid olması ehtimal edilən neft tankerini ələ keçirməyə çalışır.
Bu barədə “Reuters“ məlumat yayıb.
Tanker əvvəlcə “Bella 1” adı altında sanksiyaya məruz qalıb, daha sonra ABŞ-ın blokadasından çıxmağa müvəffəq olub.
Gəmi daha sonra “Marinera” adını götürüb və Rusiya bayrağı altında qeydiyyata alınıb, bu da ABŞ-ın onu hüquqi baxımdan ələ keçirməsini çətinləşdirir.
Rusiya da hadisəyə müdaxilə edərək, tankeri müşayiət etmək üçün sualtı qayıq və digər hərbi gəmilər göndərdiyini bildirib, bu isə gərginliyi artırıb. ABŞ rəsmiləri təqib əməliyyatını Sahil Mühafizəsi və hərbi qüvvələrin birgə koordinasiyası ilə davam etdirdiklərini və gəmiyə qarşı sanksiyalara uyğun addımlar atacağını vurğulayıb.
.
