ABŞ-nin Venesuelaya bir sıra tələbləri var, onlardan biri də Bolivar Respublikasının Vaşinqton əleyhdarları, xüsusilə İran və "Hizbullah" hərəkatı üçün məskən olmağı dayandırmasından ibarətdir.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio "ABC News" telekanalına müsahibəsində bildirib.
"Biz Venesuelaya biganə deyilik. İstəyirik ki, onlar gələcəkdə uğur qazansınlar, lakin bizim əsas vəzifəmiz Amerikadır. Artıq narkotik maddələr, bizim istiqamətimizə hərəkət edən dəstələr və dünyada olan hər bir düşmənimiz üçün keçid nöqtəsinə çevrilən ərazilər olmamalıdır. "Hizbullah", İran Venesuelanı öz məskəninə çeviriblər. Belə davam edə bilməz və hazırkı Amerika administrasiyası buna imkan verməyəcək", - o bildirib.
ABŞ silahlı qüvvələrinin Venesuelada quru əməliyyatı keçirəcəyi istisna olunmur
ABŞ dövlət katibi Marko Rubio Amerika silahlı qüvvələrinin Venesuelada quru əməliyyatı keçirməsini istisna etməyib.
O, bu barədə CBS telekanalına müsahibəsində deyib.
Belə bir əməliyyatın keçirilməsi imkanı ilə bağlı suala cavab verən Rubio bildirib ki, ABŞ Prezidenti Donald Tramp bütün bu məsələlərlə bağlı mümkün tədbirlər toplusunu həmişə özündə saxlayır. "Şübhəsiz ki, o, konstitusiyaya əsasən ölkəmizə birbaşa təhdidlərə qarşı tədbirlər görmək hüququna və imkanına malikdir", - ABŞ dövlət katibi vurğulayıb.
Bununla yanaşı, o, ABŞ-nin Karib dənizindəki hərbi-dəniz qruplaşmasının təkcə narkotiklərin daşınması üçün istifadə edilən katerlərin qarşısını kəsmək deyil, həm də Venesuela limanlarına daxil olan və oradan çıxan istənilən gəmiləri saxlamaq qabiliyyətinə malik olduğunu ifadə edib. "Bu, davam edəcək", - Rubio bildirib.
"Tramp ABŞ-yə əlçatan fəaliyyət variantlarından açıq şəkildə imtina etməyəcək, baxmayaraq ki, hazırda bunu müşahidə etmirik. İndi siz hadisələrin sonrakı inkişafına böyük təsir göstərməyə imkan verən neft karantininin (neft ixracına embarqo - red.) davam etdiyini görürsünüz", - ABŞ dövlət katibi bildirib.
.
