ABŞ Azərbaycanda yaşıl enerji sahəsinə investisiyaların cəlbinə şərait yaradacaq.

Bu barədə ABŞ ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və ölkənin Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman aprelin 3-də Bakıda keçirilən Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunda deyib.

O, ABŞ şirkətlərinin Azərbaycanda yaşıl enerji layihələrində iştirakla bağlı marağını qeyd edib.

Azərbaycanın yerləşdiyi regionun vacibliyini vurğulayan Venkataraman ölkənin dekarbonizasiyası üzrə səylərə dəstəyini ifadə edib. O həmçinin ABŞ-nin bu məsələdə tərəfdaş ölkələrə, o cümlədən Azərbaycana yardım göstərməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Bakı forumu ABŞ şirkətlərinə Azərbaycanın yaşıl enerji sahəsində malik olduğu potensialla tanış olmaq imkanı təklif edir.

 

A.Venkataraman son olaraq ABŞ-Azərbaycan əməkdaşlığının nou-hau biliklərinin tətbiqinə və iş yerlərinin açılmasına şərait yaradacağını deyib.

Qeyd edək ki, Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ “Yaşıl enerji” forumu keçirilir.

Tədbirdə Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak edirlər.

Forumda Azərbaycan ilə ABŞ-ın enerji sahəsində əməkdaşlıq əlaqələri, “yaşıl enerji”nin istehsalı istiqamətində təcrübə mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.

.