"Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyo yeni mövsümdən Türkiyə superliqasında çalışa bilər.
Qol.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Fənərbaxça" klubu 53 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirməyi planlaşdırır.
İstanbul təmsilçisinin prezidenti Əziz Yıldırımın yaxın günlərdə Mourinyo ilə görüşəcəyi bildirilir. Türkiyə klubu Mourinyoya ilinə 15 milyon avro ödəməyə hazırdır.
Portuqaliyalı mütəxəssis "Fənərbaxça"nın təklifini qəbul edəcəyi təqdirdə dünyanın ən çox qazanan ikinci məşqçisi olacaq. Yeni mövsümdən "Mançester Siti"ni çalışdıracaq Pep Qvardiola İngiltərədə ilinə 15 milyon funt-sterlinq qazanacaq ki, bu da onu dünyanın ən çox qazanan məşqçisi edəcək.
Qeyd edək ki, PSJ və "Mançester Yunayted"lə adı hallanan Mourinyonun son iş yeri "Çelsi" klubu olub.
.
