Rusiya Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin de-eskalasiyası üçün səylərini davam etdirir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Rusiya vəziyyətin de-eskalasiyasına yönəlmiş aktiv vasitəçilik səylərini davam etdirir. Xarici İşlər və Müdafiə nazirlikləri, Sərhəd Xidməti xətti ilə Bakı və İrəvanla sıx koordinasiya qurulub. Ümumilikdə son həftələrdə gərginliyin azalmasına nail olunub. Sərhədyanı mübahisə ilə bağlı müvafiq məsləhətləşmələr davam etdiriləcək. Problemin uzunmüddətli və dayanıqlı həlli kimi tezliklə Azərbaycan-Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlanmasını görürük”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Rusiya XİN Ermənistanın mina xəritələrini Azərbaycana verməsini vacib hesab edir
“Biz iyunun 12-də Azərbaycanın 15 nəfər Ermənistan vətəndaşını İrəvana təhvil verməsini alqışlayırıq”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
O, əsirlərin “hamının hamıya” prinsipi əsasında mübadiləsinin hansısa bir şərt irəli sürmədən yekunlaşmasına tərəfdar olduqlarını bildirib.
“Bununla yanaşı, biz digər humanitar problemlərin də həllini vacib hesab edirik. Xüsusi ilə də ərazilərin minalardan təmizlənməsini və minalanmış ərazilərin xəritələrinin verilməsini... Bizim bu istiqamətdə səylərimizdən sizin xəbəriniz var!” - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
.
