Hətta Bakı ilə İrəvan arasında gərginlik dövründə özünü standart sülh çağırışları ilə məhdudlaşdıran Fransadan fərqli olaraq, Rusiya praktiki baxımdan münaqişənin həllinə yardım edib.

Bu barədə Fransa Prezidenti Emmanuel Makronun müsahibəsində səsləndirdiyi fikirlərə dair Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın adından yayılan bəyanatda bildirilib.

“Ölkəmiz Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 9-da qan tökülməsinə son qoyan üçtərəfli bəyanatın imzalanmasına həlledici töhfə verib. Sözügedən razılaşmaya uyğun olaraq yerləşdirilən sülhməramlı kontingent regionda təhlükəsizliyin təminatçısı olaraq qalır. Sülhməramlılar öz məsuliyyət zonalarında baş verən hadisələrin qarşısını effektiv şəkildə alır, dinc həyatın qurulmasına kömək edir. Onların köməyi ilə 53 min qaçqın evlərinə qayıdıb, həlak olan 2000-dən çox şəxsin meyiti təhvil verilib, ümumilikdə 146 saxlanılan şəxs geri qaytarılıb, 25 mindən çox partlayıcı predmet zərərsizləşdirilib. Məhz Rusiya tərəfindən Bakı ilə İrəvan arasında münasibətlərin hərtərəfli normallaşması istiqamətində işə başlanılıb.

Rusiyanın iştirakı ilə üç ölkə liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına əsaslanan sülh gündəmini təşviq etmək üçün fəal səylər davam edir. Xüsusilə, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sülh müqaviləsinin bağlanması, ictimaiyyətlə ekspertlər arasında dialoqun qurulması üçün addımlar atılır”, - XİN rəsmisi qeyd edib.

Rusiya XİN Makrona cavab verib: Qəbuledilməz hesab edirik

Parisin Moskvanın Bakı və İrəvanla münasibətlərinə müdaxilə etmək cəhdləri uğursuzluğa məhkumdur.

Bu barədə Fransa Prezidenti Emmanuel Makronun müsahibəsində səsləndirdiyi fikirlərə dair Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın adından yayılan bəyanatda bildirilib.

Diqqətə çatdırılıb ki, bu, Fransanın regiondakı nüfuzunun dəyərsizləşməsinə gətirib çıxaracaq.

“Biz Emmanuel Makronun Rusiyanın guya Cənubi Qafqazda sabitliyi pozmaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə etdiyi barədə açıqlamalarını qəbuledilməz hesab edirik. Bu cür hücumlar Qərbin Rusiyanı iblisləşdirməyə yönəlmiş antiRusiya xəttinə uyğundur və qarşıdurma məntiqini Ukraynadan postsovet məkanının digər hissələrinə, o cümlədən Cənubi Qafqaza köçürmək cəhdlərinə dəlalət edir. Fransa Prezidentinin absurd fikirləri Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərməməsindən xəbər verir və onun ölkəsinin konstruktiv rol oynamaq qabiliyyətini şübhə altına alır”, - Rusiya XİN-in bəyanatında qeyd olunub.
 

.