Azərbaycan minalardan ən çox zərər çəkən ölkələrdən biridir. Azərbaycanda mina problemi qonşu Ermənistanın 30 il işğal altında saxladığı torpaqlarda bir hərbi səbəb olmadan minalar yerləşdirməsinə görə baş verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva humanitar minatəmizləmə fəaliyyəti mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Azərbaycan humanitar minatəmizlənməsinə böyük vəsait ayırıb, bunu milli prioritet elan edib. Humanitar minatəmizləmə quruculuq üçün mühüm hissədir. Yüz minlərlə məcburi köçkün öz evlərinə qayıtmağı səbirsizliklə gözləyir. Bu ərazilər təmizlənməlidir ki, insanlar təhlükəsiz evlərinə qayıtsın. Bu proses həm də regionda dayanıqlı inkişafa dəstək verəcək. Ağdam rayonuna səfərinizdə öz gözünüzlə gördünüz ki, bizim üzləşdiyimiz bu problem nə dərəcədə böyükdür”.

Leyla Abdullayeva ANAMA-nın azad edilmiş ərazilərdə fəaliyyətinə də toxunub.

“Ərazilərin azad edilməsindən sonra ANAMA yenidən strukturlaşdırıldı ki, bu üzləşdiyimiz problemlərin öhdəsindən daha effektiv gəlsin. Nazirlər Kabineti və Prezident Administrasiyası ANAMA-ya dəstək göstərir, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti də iştirak edir. ANAM-a 19 min hektar ərazi minadan təmizləyib və ya təmizlənməsini əlaqələndirib. Bu yalnız Azərbaycanda minalı ərazilərin 2 faizini təşkil edir.

Üçtərəfli bəyanatın imzalanmasından sonra təkcə 200-dən çox insan minaların qurbanı olub, onlar arasında mülki şəxslər də var”.

XİN rəsmisi Azərbaycana minatəmizləmə sahəsində beynəlxalq yardımın az yardım aldığını xatırladıb.

“BMT qətnamələrində göstərildiyi kimi minatəmizləmədə beynəlxalq tərəfdaşlıq çox vacibdir.

Ən müasir texnologiya və təlimlər bu proses üçün vacibdir. Azərbaycan minalardan əziyyət çəkən ölkə olsa da ən az yardım alan ölkədir. Hesab edirəm ki, bu balans dəyişməlidir. Azərbaycan dayanıqlı inkişaf məqsədinə çatmağa sadiqdir, və bunun üçün minalardan təmizlənmə vacibdir”.

.