Serbiya müdafiənin gücləndirilməsi, eləcə də silah və hərbi texnikanın ixracının artırılması üçün İsraillə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalını qurmağı planlaşdırır.

"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç İsraildə jurnalistlərə bildirib.

Vuçiç qeyd edib ki, özünün pilotsuz uçuş aparatları istehsalını inkişaf etdirməyə çalışan Serbiya İsrailin sahib olduğu dronları istehsal etməyi bacarmır.

"Biz bunu (dron istehsalı - red.) birlikdə edəcəyik, bu, 50/50 nisbətində olacaq", - o bəyan edib.

Serbiya lideri istehsalın hansı İsrail şirkəti ilə birgə həyata keçiriləcəyini dəqiqləşdirməyib, investisiya məbləğini və istehsalın başlama müddətini açıqlamayıb.

Qəzetin məlumatına görə, ötən həftə BIRN portalı Serbiyanın silah istehsalı üzrə SDPR dövlət şirkətinin İsrailin "Elbit Systems" şirkəti ilə birgə dron istehsalı müəssisəsi açmaq niyyətində olduğunu bildirmişdi. İsrail tərəfinin layihədə 51 %, Serbiyanın isə 49 % paya malıik olacağı ehtimal edilir.

.