Azərbaycanın Ukraynaya göndərdiyi enerji avadanlıqları zədələnmiş enerji infrastrukturunun bərpasına və ölkənin enerji sisteminin dayanıqlığının gücləndirilməsinə kömək edir.

Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev bildirib.

Səfir Azərbaycanın Ukraynaya göstərdiyi enerji yardımına görə ölkə rəhbərliyinə, hökumətinə və xalqına təşəkkür edib.

“Azərbaycanın Ukraynaya göndərdiyi transformatorlar, elektrik panelləri və naqillər də daxil olmaqla enerji avadanlıqları zədələnmiş enerji infrastrukturunun bərpasına, Ukrayna icmalarının elektrik enerjisi ilə təchizatının yenidən təmin olunmasına və enerji sistemimizin yeni çağırışlar qarşısında dayanıqlığının gücləndirilməsinə kömək edir”, – Yuriy Husyev qeyd edib.

O, Azərbaycanın göstərdiyi dəstəyi və Ukrayna ilə həmrəyliyini yüksək qiymətləndirib:

“Dövlətimiz üçün son dərəcə çətin olan bu dövrdə Azərbaycanın göstərdiyi dəstəyi və Ukrayna ilə həmrəyliyini yüksək qiymətləndiririk”.

Səfir əlavə edib ki, ötən il Ukraynanın xarici işlər naziri Andriy Sıbihanın təşəbbüsü ilə həyata keçirilən “Ukrayna üçün istilik” layihəsi çərçivəsində müxtəlif gücə malik 67 generator toplanaraq Ukraynaya göndərilib. Generatorlar Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə, Kiyev və Xerson şəhərlərindəki xəstəxanalara, həmçinin Kiyev və Jitomir vilayətlərinin icmalarına ayrılıb.

Yuriy Husyev bildirib ki, bu il Ukraynanın Azərbaycandakı Səfirliyi “Həmrəylik enerjisi” adlı yeni layihə çərçivəsində bu işi davam etdirir. Artıq 20-yə yaxın generator toplandığını deyən səfir qarşıdan gələn qışda Ukraynada avtonom elektrik enerjisi mənbələrinə ehtiyacın yüksək olaraq qaldığını vurğulayıb.

.