"Süni intellekt və sosial medialar real həqiqətin tapılmasını çətinləşdirir”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.

Prezidentin köməkçisi bildirib ki, dezinformasiya və misinformasiya yeni fenomen deyil: “Dezinformasiya və misinformasiya hibrid strategiyanın bir hissəsinə çevrilir. Bütün fundamental prinsiplərdə buna baxmalıyıq. Beynəlxalq hüququn qaydaları tətbiq olunanda ölkənin daxili işlərinə müdaxilə etməmə prinsipi nəzərdə tutulurdu. Bu, fiziki müdaxiləni nəzərdə tuturdu. Artıq, fiziki olmasa da, ölkənin daxili işinə müdaxilə edilə bilir. Ona görə bu prinsipə baxılmalıdır. Azərbaycana qarşı dezinformasiyanın qarşısını almaq üçün öz sistemimizi qurmuşuq. CNN-in bu yaxınlarda ölkəmizə qarşı yaydığı xəbərlə bağlı biz beynəlxalq məhkəməyə müraciət etmişdik. Süni intellekt dezinformasiyada rol oynayır. Bu gün qlobal gündəmə məlumatların yanlış şəkildə aşılanması da buna mənfi təsir göstərir".

Prezidentin köməkçisi süni intellektin müsbət amillərinin olduğunu da vurğulayıb.

"Azərbaycanı 90-cı illərin əvvəllərində təcavüzkar ölkə kimi qələmə verirdilər. Bu gün isə biz ermənilər tərəfindən tam və yarı dağıdılmış mədəni abidələri bərpa etmək prosesindəyik. Belə təəssürat yaranmışdı ki, Qərb mediası mələkdir, digər medialar ona qarşı kampaniya aparırlar. Qərb mediası dezinformasiyaya müraciət edirdi, Fiqaro, demək olar, hər gün Azərbaycana qarşı dezinformasiya yayırdı, sual verəndə isə cavab gəlmirdi. Bütün ölkələr kimi biz də dezinformasiya problemindən əziyyət çəkirdik. Biz beynəlxalq media platformaları ilə işləməklə bundan çıxış yolunu tapmağa çalışırq. Bunun 100% effektiv olduğunu deyə bilmərik”, - Hikmət Hacıyev qeyd edib.

.