Azərbaycan Ukrayna ilə birgə layihələr sayəsində enerji resurslarının etibarlı tədarükçüsü kimi öz mövqelərini möhkəmləndirəcək.
Bu barədə Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
"Ukrayna artıq Avropanın yenilənmiş qaz xəritəsinin, o cümlədən Xəzər dənizindən hasil edilən qazın Avropanın enerji çatışmazlığı olan regionlarına çata biləcəyi Trans-Balkan marşrutunun bir hissəsinə çevrilib. Bu dəhliz vasitəsilə Azərbaycan qazının ilk sınaq tədarükləri isə bu konsepsiyanın reallığa çevrildiyini nümayiş etdirib.
Bundan əlavə, Ukrayna qitədə ümumi tutumu təxminən 30 milyard kubmetr olan ən böyük yeraltı qaz anbarlarına malikdir. Bu imkanlar regional mövsümü bufer funksiyasını yerinə yetirməyə, dempfer rolunu oynamağa və enerji tədarükünün yeni arxitekturasının elementinə çevrilməyə qadirdir", - D.Şmıqal qeyd edib.
Nazir vurğulayıb ki, bu cür qarşılıqlı fəaliyyət bütün iştirakçılar üçün üstünlüklər yaradır: "Azərbaycan etibarlı tədarükçü kimi öz nüfuzunu möhkəmləndirəcək. Ukrayna əsas tranzit və xidmət habı statusunu gücləndirəcək. Avropa isə sabit alternativ enerji mənbələri əldə edəcək".
.
