"Mançester Yunayted”in və İngiltərə yığmasının sabiq müdafiəçisi Hari Nevillin baş məşqçi kimi karyerası uğurlu alınmadı. Apasport.az saytının məlumatına görə, "Valensiya”nın "sükanı arxası”na böyük ümidlərlə gətirilən 41 yaşlı çalışdırıcı "yarasalar”la cəmi 4 ay əməkdaşlıq edə bildi.
Uğursuz nəticələr "Valensiya” rəhbərliyinin səbr kasasını daşırdı və Nevill vətəninə yola salındı.
Məşqçi kimi bu cür aqibətlə üzləşən yaxın keçmişin futbolçularından Nevill tək deyil. Futbolçu kimi uğurlu olub, məşqçi kimi uğursuzluqlar yaşayanların siyahısında dünyanın ən yaxşı oyunçusu seçilmiş Dieqo Maradona və Fabio Kannavaro, həmçinin Azərbaycanda çalışmış bir nəfər də var.

Fabio Kannavaro
"Əl-Əhli”dəki fəaliyyətindən sonra "Quançjou”da Marçello Lippini əvəzləyən Kannavaro ötən ilin iyun ayında postundan uzaqlaşdırıldı. Daha sonra Səudiyyə Ərəbistanına yollanan "Qızıl top”un qalibi "Əl-Nəsr”lə anlaşdı. Lakin Ər-Riyad klubundakı fəaliyyəti cəmi 4 ay çəkdi.

Pol İns
"Mançester Yunayted”in sabiq hücumçusu məşqçilik karyerasında çox zərbə alıb. "Bləkbörn”dəki fəaliyyəti zamanı 17 oyundan cəmi 3-də qələbə sevinci dadan İns 2008-ci ilin dekabrında postundan qovuldu. Sonrakı fəaliyyəti ərzində "Milton Dons”, Notts Kounti” və "Bləkpul” klublarında çalışan 49 yaşlı məşqçi 11 aydan artıq işləyə bilməyib.

Alan Şirer
"Nyukasl”ın canlı əfsanəvi, 10 il bu klubun formasını geyinmiş Alan Şirer məşqçilik karyerasına da məhz "sağsağanlar”da başladı. 2009-cu ildə komandanın "sükanı arxası”na keçən sabiq hücumçunun yeni işi uğursuz alındı. Mövsümün sonuna 8 tur qalmış baş məşqçi postuna gətirilən Şirer mümkün 24 xaldan 5 xal toplaya bildi və məşqçilik karyerası ərzində yeganə qələbəsinə "Midlsbro” ilə matçda nail oldu. O vaxtdan bəri Şirer məşqçiliklə məşğul olmur.

Dieqo Maradona
Əfsanəvi futbolçu 90-cı illərdə "Mandiyu” və "Rasinq” klublarında baş məşqçi kimi uğursuz fəaliyyətlə yadda qaldı. 2008-ci ildə Argentina millisinin "sükanı arxası”na gətirildi. Maradona komandasını dünya çempionatına apara bilsə də, mundialda gözlənilən nəticəni verə bilmədi. Nəticədə ölkənin futbol assosiasiyası onunla müqaviləni uzatmadı. 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Vasl” klubuna baş məşqçi təyin olunan Maradona yenə ümidləri doğrultmadı.

Toni Adams
Siyahıdakı sonuncu şəxs bizə daha yaxından tanışdı. Söhbət hazırda "Qəbələ”də futbol direktoru vəzifəsini icra edən Toni Adamsdan gedir. "Arsenal”ın əfsanəvi müdafiəçisi məşqçilik fəaliyyətinə 2003-cü ildə "Uikom Uonderers” klubunda başlasa da, ancaq aşağı liqa təmsilçisində ümidləri doğrultmadı. Təcrübəli çalışdırıcı Harri Rednappın "Tottenhem”ə getməsindən sonra "Portsmut”un baş məşqçisi vəzifəsinə gətirilən Adamsa bu dəfə böyük ümidlər bəslənilirdi. Lakin onun rəhbərlik etdiyi komanda 16 oyunda cəmi 10 xal toplaya bildi. Nəticədə sabiq "6 nömrə” postundan uzaqlaşdırıldı. 2010-cu ildə "Qəbələ”yə baş məşqçi gətirilsə də, fəaliyyəti ürəkaçan olmadı. Nəticədə klub rəhbərliyi Adamsı başqa vəzifəyə keçirməyi məqsədəuyğun saydı.
.