Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud Donanması"na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

"Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud Donanması"na İsrail silahlı qüvvələri tərəfindən beynəlxalq sularda edilən hücum dəniz quldurluğu aktıdır", bəyanatda bildirilib və əlavə olunub ki, Qəzza sakinlərinin yaşadığı humanitar fəlakətə diqqət çəkməyə çalışan donanmaya hücum beynəlxalq hüquqa ziddir:

"Donamadakı Türkiyə vətəndaşları və digər sərnişinlərin vəziyyəti ilə əlaqədar bütün zəruri təşəbbüslər həyata keçirilir".

Qeyd edək ki, İsrailin Hərbi-Dəniz Qüvvələri Qəzza zolağına istiqamətlənən donanmanın bəzi gəmilərini ələ keçirib. Türkiyə XİN daha əvvəl də bildirib ki, "Qlobal Sumud Donanması"ndakı Türkiyə vətəndaşları ilə bağlı lazımi addımlar atılır.

.