
44 günlük Vətən müharibəsi ilə şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan, hazırda Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan Qubadlı şəhəri qədim insan məskənlərimizdən biridir. Buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşiçki qalalarının qalıqları müasir dövrə qədər gəlib çatmışdır. Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunun sübutudur. Bunu həm də tarixi bilinməyən qədim qəbiristanlıqlar, ayrı-ayrı yaşayış məskənləri yaxınlığından tapılmış maddi məişət nümunələri, əmək alətləri də təsdiq edir. Təbii ki, bu cür qədim bir məkan ermənilər kimi saxtakarlıqla məşğul olan bir millətin diqqətindən kənarda qala bilməzdi. Bunun nəticəsidir ki, ötən əsrdə Qubadlı şəhəri dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb (1915, 1918, 1920). Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. Bununla belə bütün çətinliklərə və əzab-əziyyətlərə baxmayaraq hər dəfə işğalçı erməni qoşunları torpaqlarımızdan qovulublar.Təəssüf ki, 1993-cü ildə bu tendensiya davam etmədi və qədim şəhərimiz düşmən işğalına məruz qaldı.
1988-ci ildən başlayaraq Ermənistanla və Dağlıq Qarabağla sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlayıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib. Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qalıb. Lakin hər bir qaranlıq gecənin sabahı olduğu kimi 27 illik həsrətdən sonra Azərbaycan dövləti də öz doğma torpaqlarını düşmən işğalından azad etdi və ərazi bütövlüyünü təmin edərək aydınlığa qovuşdu.
Tarixi zəfər salnaməmizdə Qubadlının işğaldan azad edilməsi əməliyyatı xüsusi yer tutur. Qubadlı rayonunun azad edilməsi böyük strateji üstünlük təmin edirdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Qubadlının azad edilməsi olduqca mürəkkəb missiya sayılırdı. Bu ərazinin coğrafi relyefi və ermənilərin qurduqları hərbi istehkamlar məsələni çətinləşdiridi. Buna görə də Qubadlının azad edilməsi üçün ilk öncə onun ətrafında olan yüksəkliklərin götürülməsi lazım idi. Çünki ermənilər bu yüksəkliklərdən bizim hərbi birləşmələrimizi daima atəşə tutur, hərbi qulluqçularımızın irəliləməsini mümkünsüzləşdirirdi. Bununla yanaşı Ermənistan ərazisindən də hərbiçilərmiz müntəzəm olaraq atəşə məruz qalırdılar. Göründüyü kimi Qubadlı əməliyyatı xüsusi hazırlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Silahlı Qüvvələri isə bu fədakarlığı sonuna qədər göstərərək, canları, qanları hesabına əzəli torpağımızı işğaldan azad etdi. Nəticədə 2020-ci ilin oktyabrın 25- də Qubadlı şəhəri işğaldan azad edildi.
Bir qədər geriyə qayıtsaq qətiyyətlə deyə bilərik ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi
ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə də qələbəyə nail olmaq variantını nəzərə çarpdırmışdır. Əfsuslar olsun ki düşmən ikinci yolu seçdi və nəticədə Azərbaycan xalqının Dağlıq Qarabağda və ətraf ərazilərdə tam və qəti qələbəyə nail olması kimi tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həyata keçirmiş oldu. Bu məqsədlə Prezident İlham Əliyev, ilk növbədə, Azərbaycan Respublikasını iqtisadi cəhətdən inkişaf etdirilmiş ölkə səviyyəsinə çatdırmaq vəzifəsini uğurla yerinə yetirmişdir. Ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi cəhətdən bütün sahələrdə şaxələnmiş böyük inkişafa nail olmağı təmin etmişdir. Davos İqtisadi Forumu və bir çox nüfuzlu beynəlxalq maliyyə qurumları müstəqil Azərbaycan Respublikasının iqtisadi göstəricilərinə görə regionda və dünyada ən yüksək reytinqə malik olan dövlətlərdən birinə çevrildiyini dönə-dönə, dəfələrlə bəyan etmişlər. Beləliklə, bu gün güclü iqtisadiyyat, güclü ordu deməkdir misalının ən bariz nümunəsi Azərbaycandır desək yanılmarıq. Cənab İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub. Qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi əhval-ruhiyyənin sağlamlaşdırılması, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, ordunun struktur islahatlarının onun qarşısında dayanan vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaradıb. Bütün bunların nəticəsini 44 günlük Vətən müharibəsi bütün dünyaya göstərdi. Azərbaycan ordusu erməni terrorçularını öz torpaqlarından az müddət ərzində qovaraq öz gücünü sübut etmiş oldu. Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Qazanılmış böyük zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir.