
Suriyanın cənubunda yerləşən Süveyda vilayətində toqquşmalardan sonra Dürzi lider Hikmət əl-Həcrinin nəzarətində olan bölgələrdə mühasirədə qalan 360 mülki şəxs və döyüşlərdə həlak olmuş 26 nəfərin cənazəsi təxliyə edilib.
Suriya dövlət televiziyası "Əl-İxbariyyə"nin məlumatına görə, Həcriyə tabe olan silahlı qrupların nəzarətində olan şəhər mərkəzində qalan 360 mülki şəxs Dəra vilayətinin Busra əş-Şam yolu vasitəsilə müvəqqəti sığınacaq mərkəzlərinə çatdırılıb.
Süveydada Dürzi silahlı qruplarla ərəb əsilli qruplat arasında baş verən silahlı toqquşmalarda həlak olmuş 26 döyüşçünün cənazəsi Suriya Qızıl Aypara Cəmiyyəti və mülki müdafiə qrupları tərəfindən təhvil alınıb.
Mülki Müdafiə İdarəsinin rəhbəri Şadi əl-Həsən bildirib ki, Şam ətrafında 15, Dəra vilayətində isə 64 olmaqla ümumilikdə 79 müvəqqəti sığınacaq mərkəzində təxminən 31 min insan qalır.
Digər tərəfdən, Süveyda vilayətinin təhlükəsizlik üzrə rəsmisi Əhməd əl-Dələti 24 iyulda verdiyi açıqlamada bildirib ki, sonuncu təxliyə karvanı ilə şəhərdən çıxarılan 200 nəfərlə birlikdə təxliyələr tamamlanıb.
Qeyd edək ki, Süveydada 13 iyul tarixində Bədəvi ərəblərlə bəzi Dürzi qruplar arasında silahlı toqquşmalar başlayıb. Müdaxilə üçün bölgəyə gələn Suriya təhlükəsizlik qüvvələri pusquya salınıb.
Genişlənən qarşıdurmalar atəşkəslə dayandırılsa da, Hikmət əl-Həcriyə bağlı Dürzi qüvvələri atəşkəsi pozub.
İsrail ordusu 16 iyulda Suriya Prezident Aparatı, Baş Qərargah və Müdafiə Nazirliyini hədəfə alıb.
Suriya ordusu Süveydadan geri çəkildikdən sonra Həcri qrupu Bədəvi ailələri məcburi köçürməyə və edamlara başlayıb. Xaricdən minlərlə döyüşçü Bədəvi ərəblərə dəstək üçün bölgəyə gəlib.
.