ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi son günlərdə onun bütün səlahiyyət müddəti ərzində ən aşağı səviyyədə qalmaqdadır.

Bu, "Reuters" və "Ipsos" tərəfindən keçirilmiş sorğunun məlumatlarından məlum olur.

Bazar ertəsi başa çatan altı günlük ictimai rəy sorğusu göstərib ki, amerikalıların yalnız 36 %-i Trampın fəaliyyətini bəyənir. Bu göstərici əvvəlki ayla eynidir. Hazırkı (ikinci) prezidentlik müddətində 47 %-ə bərabər olan ən yüksək dəstək səviyyəsi 20 yanvar 2025-ci ildə Trampın inaqurasiyasından qısa müddət sonra qeydə alınmışdı.

Hazırda ABŞ-nin İrana endirdiyi hərbi zərbələri amerikalıların 36 %-i bəyənir, bu da aprelin 10-12-də keçirilən sorğunun məlumatlarına əsasən olan 35 %-dən bir qədər çoxdur.

Sorğu göstərib ki, bir çox amerikalılar, o cümlədən respublikaçıların bir hissəsi, bir sıra kəskin bəyanatlardan sonra 79 yaşlı prezidentin temperamenti və əqli sabitliyindən narahatlıqlarını ifadə edirlər. Respondentlərin cəmi 26 %-i Trampı "təmkinli" hesab edir.

Respublikaçılar arasında fikirlər fərqlidir: 53 % onu elə hesab edir, 46 % isə əks fikirdədir. Demokratlar arasında bu göstərici cəmi 7 % təşkil edib.

Trampın Papa XIV Leo ünvanına səsləndirdiyi tənqid diqqət çəkib, o cümlədən ona görə ki, ABŞ-də pontifikə etimad səviyyəsi əhəmiyyətli dərəcədə yüksəkdir. Sorğuda iştirak edənlərin 60 %-i Papanı, 36 %-i isə Trampı müsbət qiymətləndirir.

Sorğu həmçinin göstərib ki, amerikalıların yalnız 16 %-i ABŞ-nin NATO-dan çıxmasını dəstəkləyir. Bu, ehtimalı barədə əvvəllər Trampın danışdığı bir addımdır.

İranla müharibə fonunda ABŞ-də yanacağın qiyməti artıb və bu da əksər amerikalıların maliyyə vəziyyətinə zərbə vurub. Yaşayış xərcləri məsələsi üzrə Trampın bəyənilmə reytinqi 26 % təşkil edir ki, bu da ən aşağı göstəricilərdən biridir. Eyni sayda respondent hesab edir ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatı öz xərclərini doğruldur.

Bununla yanaşı, sorğuda iştirak edənlərin 25 %-i hesab edir ki, Vaşinqtonun İrana endirdiyi zərbələr ABŞ-ni daha təhlükəsiz edəcək. Demokratlar arasında belə düşünənlər 6 %, respublikaçılar arasında isə 57 % təşkil edir.

.