Bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) maliyyələşdirilməsi ilə əlaqədar xüsusi işlər aparılır.

Bunu "Report"a müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.

"Azərbaycan artıq özünü böyük mötəbər beynəlxalq tədbirlərin keçirilmə məkanı kimi doğruldub. Ölkəmizdə uğurla beynəlxalq miqyaslı həm siyasi, həm humanitar, həm də ki, idman tədbirləri keçirilib. Bu mənada Azərbaycan dövləti dünyada özünü etibarlı, mütərəqqi bir ev sahibi kimi tanıdıb. Bu baxımdan heç şübhəsiz ki, COP29 da uğurla Azərbaycanda həyata keçiriləcək.

Qeyd olunduğu kimi, bu, ölkəmiz üçün böyük bir uğurdur ki, bütün dünya ölkələri bu tədbirin Azərbaycanda keçirilməsinə səs verdilər. Bunun maliyyə tərəfi ilə əlaqədar xüsusi işlər aparılır. Dövlət büdcəsindən müəyyən vəsaitlər ayrılacaq. Həmin vəsaitlərin məbləği barədə hələ ki, hər hansı bir fikir söyləyə bilməyəcəyəm. Çünki bununla əlaqədar təşkilat komitəsi, onun nəzdində yaradılan əməliyyat şirkəti müvafiq hesablamalar aparır. Dövlətin maliyyə vəsaiti ayırmasına ehtiyac yaranacaqsa şübhəsiz ki, bu işlər təmin ediləcək. Ev sahibi olaraq müəyyən xərclər bizim payımıza düşür, iştirakçıların bura gəlib-getməsi, burada qalması, tədbirdə iştirakı isə onların öz hesabına olacaq", - deyə o qeyd edib.

 

.