Rusiyalı eko-aktivistlər Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən azərbaycanlı fəallara dəstək ifadə ediblər.

APA-nın Rusiya bürosu xəbər verir ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə Kaluqa vilayətinin “Etno Mir” Etnoqrafik Parkında keçirilən İkinci Qış Eko-mətkəbi çərçivəsində müzakirə edilən mövzulardan biri məhz Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qızıl-mis mədənlərinin qanunsuz istismarına son qoyulması ilə bağlı azərbaycanlı ekoaktivistlərin fəaliyyəti olub.

AMOR-un sədri Ceyhun Hüseynov bildirib ki, təşkilatın Qış Ekoməktəbi üç gün davam edəcək: “Qış məktəbinin açılış günündə Laçın yolunda ekosidə qarşı aparılan Azərbaycan ekoloqlarının aksiyası müzakirə olunub. Bizim tədbirin fəalları bu aksiyanı dəstəkləyiblər. Bu problem yalnız Azərbaycanın problemi deyil, ümumi, qlobal problemdir və bizim hər birimiz dünyamızı qorumaq üçün bu məsələyə çox vacib və ciddi münasibət göstərməliyik”.

Kaluqa vilayəti administrasiyasının şöbə müdiri Valeriy Zavyalkin isə ekologiya mövzusunun bu gün çox vacib olduğunu söyləyib: “Bu mövzunun əhəmiyyəti günbəgün artır. Çox xoşdur ki, AMOR-un Qış Ekoməktəbində toplaşan elmi ictimaiyyət, yüksək ixtisaslı müəllimlər gənclərə təbiətin mühafizəsi ilə bağlı düzgün istiqamət verir. Bu vacib biliklərə sahiblənəcək gənclər gələcəyin istiqamətini müəyyən edəcəklər”.

Panel sessiyada çıxış edən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəsmisi Nazim İsmayılzadə azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda iki aya yaxındır davam edən humanitar aksiyası barədə ətraflı məlumat verib. Bildirib ki, aksiyada azərbaycanlı ekofəallar Qarabağ İqtisadi rayonunun “Qızılbulaq” və “Dəmirli” mədənlərinin monitorinqini tələb edirlər.

Azərbaycanlı ekofəalların aksiyasına rusiyalı həmkarlarından da dəstək gəlib. Ekoloji siyasət üzrərusiyalı ekspert Yekaterina Novikova APA-ya açıqlamasında AMOR-un Qış Eko-məktəbində müzakirələr zamanı azərbaycanlı ekofəalların ekosidə qarşı aksiyasına da toxunulduğunu söyləyib. Bildirib ki, bu aksiya insanların ekoloji problemlərin həllində aktiv mövqedə olduğunu göstərir.

Digər rusiyalı ekoaktivist, Rusiyanın Yaşıl Ali Məktəbləri İdarə Heyətinin üzvü Aleksandra Lazerava ekofəalların çox böyük hərəkətverici qüvvə olduğunu vurğulayıb: “Biz çox böyük qüvvəyik, hansı ki, hər zaman maraqlarımızı sona qədər müdafiə edirik. Ona görə də, azərbaycanlı ekofəallara mən möhkəmlik və uğurlar arzulayıram. Ümid edirəm ki, onlar istədiklərinə nail olacaqlar. Dayanmaq olmaz. Sona qədər getmək lazımdır”.

Paneldə çıxış edən digər natiqlər ətraf mühitin keyfiyyətinin qorunması və yaxşılaşdırılmasına yönəlmiş ekoloji layihələrin əhəmiyyətindən danışıblar.

Qış eko-məktəbi çərçivəsində iştirakçılar üçün ustad dərsləri və təlimlər təşkil olunacaq, gənclər ekoloji terminologiya ilə tanış ola və uğurlu biznes işlərini nəzərdən keçirə biləcəklər. Üç günlük təlimin sonunda məktəb iştirakçılarına “Gənclərin ekoloji təşəbbüslərinin həyata keçirilməsi” mövzusunda ixtisasartırma sertifikatları təqdim olunacaq.

Qeyd edək ki, Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti, Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurası və Ecowiki.ru platformasının tərəfdaş qismində çıxış etdiyi AMOR-un qış Eko-məktəbində Rusiyanın müxtəlif universitetlərini, “Molodaya Qvardiya”, Gənclər Parlamenti, Skolkovo İnnovasiya Mərkəzi, Moskva vilayətinin könüllüləri kimi ekologiya, gənclər və könüllü təşkilatlarını təmsil edən 100-dən çox gənc iştirak edir.

.