“Fitch Solutions” Brent markalı neftin orta illik qiymətinin bu il üzrə 83 dollar/barel, 2027-ci ildə 71 ABŞ dolları/barel səviyyəsinə enəcəyini proqnozlaşdırır.

Bu barədə “Fitch Solutions”un əmtəə bazarları üzrə hesabatında bildirilib.

Şirkət WTI markalı neft üzrə orta qiymətin 2026-cı ildə 79 dollar, 2027-ci ildə 68 dollar, OPEC neft səbətinin qiymətinin isə müvafiq olaraq 87 və 70 dollar/barel olacağı gözləyir.

“Fitch Solutions” qeyd edir ki, son dövrdə Brent neftinin qiyməti Hörmüz boğazında daşımaların bərpası ilə bağlı İran və Oman arasında mümkün razılaşma barədə məlumatların yayılması fonunda ciddi təzyiq altında qalıb. Avqustun 5-də Brent fyuçersləri 79,4 dollar/barel səviyyəsində bağlanıb və bir həftə ərzində 12,5% ucuzlaşıb. “Dated Brent”in qiyməti isə 8,4% azalaraq 83,5 dollar/barel təşkil edib.

Şirkətin baza ssenarisinə əsasən, Hörmüz boğazında daşımaların ilkin mərhələdə 2026-cı ilin üçüncü rübü ərzində bərpası mümkündür. Bununla belə, “Fitch Solutions” vurğulayır ki, neft bazarı üçün risklər hələ də son dərəcə yüksəkdir və mümkün razılaşmanın reallaşmasına mane ola biləcək bir sıra amillər qalır.

Hesabatda bildirilir ki, regionda neft daşımalarının tam bərpasının sürəti bir neçə amildən asılı olacaq. Bunlara razılaşmanın icrasında mümkün gecikmələr, minaların təmizlənməsi əməliyyatları, gəmi sahiblərinin, fraxt şirkətlərinin, operatorların və sığorta şirkətlərinin reaksiyası, eləcə də Qırmızı dənizdə husilərin fəaliyyəti daxildir. Buna görə şirkət qarşıdakı həftə və aylarda neft qiymətlərində yüksək dəyişkənliyin davam edəcəyini gözləyir.

“Fitch Solutions” eyni zamanda xam neftin qiymətinin enməsinə baxmayaraq, neft məhsulları bazarında gərginliyin yüksək olaraq qaldığına diqqət çəkir. Hesabata əsasən, ABŞ–İran müharibəsindən sonra Asiya neft emalı zavodlarının istehsalı ciddi şəkildə azaltması emal məhsullarının təklifini zəiflədib. Tələbin eyni həcmdə azalmasını müşayiət etməməsi isə ehtiyatların azalmasına səbəb olub.

Bundan əlavə, Rusiyanın neft emalı infrastrukturuna hücumların artması bazardakı təklifə əlavə təzyiq yaradıb. Moskva benzin və dizel ixracına qoyulan məhdudiyyətlərin müddətini 2027-ci ilin yanvarınadək uzadıb. Bunun nəticəsində aşağı kükürdlü qazoyl ilə Brent arasındakı qiymət fərqi təxminən 80 dollar/barel səviyyəsinə yüksəlib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu fərq təxminən 20 dollar/barel olub.

“Fitch Solutions” hesab edir ki, məhz bu amillər neft bazarında qiymət risklərini artırır.

.