Qəbələ rayonunda Yengicə su anbarının tikintisi davam etdirilir.

APA-nın Şirvan bürosu xəbər verir ki, su anbarının tikintisi Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli, 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq nəzərdə tutulub.

Layihə Qəbələ rayonunun Yengicə kəndi yaxınlığında, Vəndamçay və Qaraçay çaylarının birləşdiyi ərazidə həyata keçirilir. Tikinti işlərinə 2024-cü ildə başlanılıb.

Layihəyə əsasən, ümumilikdə 10 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu sahələrin 8 602 hektarı Yenikənd, Zalam, Kiçik Əmili və Böyük Əmili, 1 398 hektarı isə Bilix və Məlikli kəndlərinin ərazisində yerləşir.

Ümumi ərazinin 3 388 hektarında mövcud su təminatının yaxşılaşdırılması, 6 612 hektarında isə yeni suvarma imkanlarının yaradılması planlaşdırılır.

Su anbarının ümumi tutumu 17,5 milyon kubmetr olacaq. Bəndin hündürlüyü 45 metr, uzunluğu 449,5 metr, eni isə 10 metr təşkil edir.

Hazırda layihə üzrə tikinti işləri davam etdirilir.

.