İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. Sözügedən tədbir təkcə mühüm siyasi hadisə deyil, eyni zamanda, milli mətbuatımızın tarixində də əlamətdar hadisə kimi dəyərləndirilməlidir. Tədbirin adı ondan xəbər verir ki, Azərbaycan dünyada cərəyan edən bütün əsas tendensiyaları nəzərdən keçirir və nəinki təhlükələrdən özünü qorumağa çalışır, hətta müşahidə olunan proseslərin axınını belə öz xeyrinə çevirməyə çalışır. Sözügedən amil onun göstəricisidir ki, ölkəmiz öz inkişafında yeni keyfiyyət mərhələsini yaşayır. Əlbəttə ki, bu cür kontekst təhlil və idarəetmədə strateji yanaşmanın mövcudluğunu şərtləndirir. Yeni nəslin analitikləri yaşanan hadisələri mütləq olaraq məhz bu cür prizmadan təhlil etməlidirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil söyləyib.

Onun sözlərinə görə, xüsusi diqqət çəkən məsələ odur ki, Prezident İlham Əliyev çıxış edən zaman öz mülahizələrində təkcə Azərbaycanın milli maraqlarına istinad etmirdi. Dövlətimizin başçısı bütün regionun və regionda yerləşən konkret ölkələrin milli maraqlarını nəzərə alaraq bu və ya digər məsələlərlə bağlı öz fikirlərini səsləndirdi. Bu cür miqyas, kontekst və yanaşma yalnız böyük siyasəti aparmaq iqtidarında olan dövlətlərə məxsus ola bilər. Odur ki, siyasi müstəvidə aparılan təhlillərin də baxış bucaqlarında dəyişikliklər olmalıdır.

Forum ilə bağlı beynəlxalq ictimaiyyətin reaksiyası özünü çox gözlətmədi. Demək olar ki, Prezidentin hər bir sözü və fikri böyük diqqətə layiq görüldü. Qlobal internet məkanında minlərlə şərh və interpretasiyalar ilə rastlaşmaq mümkündür. Dövlətimizin başçısının bir çox fikirləri düşünməyə vadar edir, ən azından ona görə ki, onlar uzun on illiklər ərzində beynəlxalq münasibətlər sistemində daşlaşmış şəkildə yaşanan stereotipləri darmadağın edir. Beynəlxalq münasibətlər sistemində “dəbin” və tendensiyaların diktəsi paradiqmasından imtina olunmasının zamanı çatıb. Budur Azərbaycan Prezidentinin strateji çağırışı. Sözügedən çağırış müstəqil dövlətlərin ən ali siyasi dəyəri hesab olunan suverenlik amilini toxunulmaz edir.

“Ümid edirik ki, aidiyyəti qurumların təhlil və araşdırmaları sayəsində sözügedən Forum ümumilikdə və tədbir zamanı səsləndirilmiş konkret fikirlər hələ uzun müddət ərzində öz aktuallığını qoruyacaq, Azərbaycan ictimaiyyəti isə maraqlı və dərin yazılara şahidlik edəcək. Təhlillər təkcə dövlət siyasətinin təbliğini təmin etmir, onlar cəmiyyətdəki potensialın səfərbər olunmasına və qazanılan uğurların qorunmasına xidmət edir.

İstənilən sahənin davamlı inkişafını elmsiz təsəvvür etmək mümkünsüzdür. Bu mənada Prezident İlham Əliyev tərəfindən həyata keçirilən böyük siyasət də böyük təhlillərin aparılmasını vacib edir. Ali rəhbərin siyasi obrazı və beynəlxalq imici də məhz həmin təhlillər vasitəsilə formalaşdırılır. F.Ruzvelt, N.Mandela, U.Çörçill, M.K.Atatürk və digər böyük tarixi şəxsiyyətlərin obrazları yaddaşlarımızda məhz elmi araşdırmalar sayəsində həkk olunub. Bu cür fikirlərə görə tənqid etməyə tələsənləri qabaqlamaq üçün əlavə edək ki, sözügedən siyasət əsla şəxsiyyətə pərəstişkarlığın əlaməti deyil. Bu, dövlətin gücünə və milli həmrəyliyin qorunmasına xidmət edən yanaşmadır. Yeri gəlmişkən, Azərbaycan Prezidenti növbəti dəfə öz çıxışında “həmrəyliyi” ən vacib amil kimi qeyd etdi: “Əlbəttə, ən vacib amil cəmiyyətin həmrəyliyidir”. Odur ki, ölkəmizdə yaşanan həmrəylik mühiti Azərbaycanın təbii güc mənbəyidir. Şəxsi siyasi simpatiyalardan asılı olmayaraq bütün vətənpərvər qüvvələr cəmiyyətin və dövlətin bu gücünü qorumalıdır. Unutmayaq ki, məhz bu güc bizi Qalib xalq etdi”, - deyə politoloq vurğulayıb.

O qeyd edib ki, dünyada Azərbaycana dost olan və hətta dostluqdan çox uzaq dayanan dövlətlər belə bizi artıq “Qalib xalq” kimi adlandırır. Sözügedən amil milli xoşbəxtliyin ideoloji mənbəyi kimi çıxış etməlidir. Bu cür ifadələrdən biz əsla çəkinməməliyik. Bu cür hisslərin milli təfəkkürümüzdə yaşanması bizi millət və dövlət olaraq daha güclü edə bilər. Belə ki, Forumda iştirak edən dünyanın ən tanınmış və hətta müəyyən mənada qalmaqallı jurnalistlərindən biri öz sualını verərkən Prezident İlham Əliyevə müraciət edən zaman “Siz qalib xalqın Lideri kimi” ifadəsini istifadə etmişdir.

Əcnəbi jurnalistin bu sözləri qürur hisslərinin yaşanmasına səbəb olub. Sözügedən amil bütün istiqamətlərdə və bəlkə də, ilk növbədə, ideoloji müstəvidə aparılan işlərdə yeni paradiqmalardan istifadə olunmasını zəruri edir. “Qalib xalq” ifadəsi Azərbaycanın müasir milli təfəkkürünün arxitekturasını format etməli və dövlətimizin müqavimət gücünü artırmalıdır. Heç bir halda, heç bir qərəzli manipulyasiyalara imkan verməməliyik ki, bu gün bizlərə “qalib xalq” ifadəsi yaşatdığı qürur hisslərini kimsə bizdən oğurlaya bilsin. Bu hissləri yaşatmaqla biz Qalib statusumuzu gələcək nəsillərə ötürə bilərik. Qələbəni bizə heç kim hədiyyə etməyib, bu Qələbəni Azərbaycan xalqı döyüş meydanında, beynəlxalq tribunalarda və informasiya məkanında mübarizə apararaq qazanıb. Mövcud kontekstdə Prezident İlham Əliyevin növbəti fikirlərinin böyük rəmzi mənası var: “Mən son beş ildə bu qürur hissi ilə yaşayıram. İnşallah, mən və bütün Azərbaycan xalqı sona qədər bu hisslə yaşayacağıq”.

“Bəli, Prezident öz çıxışında beynəlxalq münasibətlər sisteminin bir çox “ağrılı nöqtələrinə” açıq şəkildə toxundu: “COP29 haqqında danışarkən məndə elə bir təəssürat yarandı ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında bir etimad böhranı var...” Heç şübhəsiz ki, sözügedən amil bəzi “iddialı” dövlət rəhbərlərinin narahatçılıqlarına səbəb olub. Beynəlxalq ictimaiyyət etiraf etməlidir ki, “ölkələr arasında etimad böhranı” müasir dünyanın ən təhlükəli tendensiyalarından biridir. Etimad böhranı hətta “sivilizasiyalararası” qlobal münaqişənin yaranmasına da gətirib çıxara bilər.

Beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan “ikili standartlar” siyasəti, gizli sövdələşmələr, qlobal birjalarda aparılan kirli spekulyasiyalar, geosiyasətdə köhnə stereotiplərin hökmranlığı, “əzələ” nümayişi, dünyada yeni güc mərkəzlərinin yaranmasına qarşı nümayiş olunan aqressiv dözümsüzlük və bu kimi digər amillər, demək olar ki, hər gün dünyanı yeni qlobal müharibənin yaranması ehtimalı ilə üz-üzə qoyur. Etimad böhranının dünya üçün qlobal təhlükəsi budur. Odur ki, Prezident İlham Əliyevin fikirləri diqqətdən kənar qala bilməz. Bu mənada Qalib xalqın vəzifəsi də qlobal kontekstdə həyati əhəmiyyət daşıyan bu cür fikirləri səsləndirmək üçün özündə güc tapan Lideri dəstəkləmək və cəmiyyətimizdə yaşanan birliyi qorumaqdır”, - deyə Asif Adil vurğulayıb.

.