ABŞ və Avropa İttifaqı (Aİ) müharibə başa çatdıqdan sonra Ukraynanın bərpası üçün 800 milyard dollara qədər dövlət və özəl investisiyaları cəlb etməyi planlaşdırırlar.

Bu barədə "Politico" Avropa məmurlarına və diplomatlara istinadən məlumat yayıb.

18 səhifəlik sənəddə yer alan və Ukraynanın uzunmüddətli bərpa planına həsr olunan məlumatlara görə, plan 10 il üçün nəzərdə tutulub və Ukraynanın Aİ-yə üzv olmasını tezləşdirməyi hədəfləyir.

Avropa Komissiyası (AK) bu sənədi cümə axşamı Brüsseldə keçirilən liderlər sammitindən əvvəl üzv ölkələr arasında yaymışdı. Bərpa strategiyası planın həyata keçirilməsi üçün atəşkəsin əldə olunmasını ehtiva edir.

Layihənin başlanması üçün təcili 100 günlük əməliyyat planının yer aldığı maliyyə strategiyası 2040-cı ilə qədər nəzərdə tutulub. Bununla belə, davam edən döyüşlərin investisiyaların cəlb edilməsini çətinləşdirəcəyi qeyd olunub.

Bərpa planı ABŞ-nin 20 bənddən ibarət sülh təşəbbüsünün bir hissəsidir və Ukraynanın fövqəladə yardımdan davamlı iqtisadi inkişafa keçidinə yönəlib. Sənəddə həmçinin ABŞ-nin təkcə donor kimi yox, həm də strateji iqtisadi tərəfdaş və investorlar üçün etimad dayağı kimi rolu vurğulanıb.

10 il ərzində Aİ, ABŞ, və Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da daxil olmaqla beynəlxalq maliyyə institutları Ukraynanın bərpasına 500 milyard dollaradək vəsait yönəltmək niyyətindədirlər. AK 2028-2034-cü illər üçün Aİ büdcəsi çərçivəsində əlavə olaraq 100 milyard avro ayırmağı planlaşdırır, bu isə daha 207 milyard avroya qədər investisiya cəlb etməyə imkan verəcək.

.