"İkili standartlar siyasətinə beynəlxalq siyasətdə tamamilə son qoyulmalıdır".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

“Nəzərə alınmalı olan digər mühüm məsələ beynəlxalq təşkilatların qərarlarının icrası mexanizmidir. Hazırda bir çoxları Birləşmiş Millətlər Təşkilatında islahatlardan danışır. Üstünlük hissi, hücuma məruz qoyduğunuz insanlara qarşı törətdiyiniz əməllərə görə cəzalandırılmayacağınıza dair inam var. Təəssüf ki, bəzən bu vəziyyət uzun müddət davam edir. Buna görə də BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla, qərarların icrası mexanizmi mövcud olmalıdır. Qeyd etdiyim kimi, biz 30 il ərzində belə bir vəziyyətdə olmuşuq. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının azad edilməsini tələb edən dörd qətnamə qəbul etmişdi. Lakin həmin qətnamələr icra olunmadı. Onların icrasını təmin edəcək mexanizm yox idi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməmişdi. İndi isə sağa-sola baxanda sanksiyalar görürük. Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Amma Ermənistana qarşı sanksiyalar tətbiq edilməmişdi. Bu, ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir, çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsirini hiss edirik. Əlbəttə, bu gün yaşadıqlarımızı “əziyyət” adlandırmaq bəlkə də çox sərt ifadədir. Əslində, bu, əziyyət deyil, çünki artıq istədiyimizə nail olmuşuq və öz torpaqlarımızda azad yaşayırıq. Bununla belə, ikili standartlar siyasətinə beynəlxalq siyasətdə tamamilə son qoyulmalıdır. Cəmiyyətimizin ikili standartlara qarşı sıfır tolerantlığı var”, - dövlət başçısı qeyd edib.

.